"Məqsədimiz böhran deyil, Türkiyənin şərəfini və ləyaqətini qorumaqdır" - Ərdoğan ABŞ və Avropa ölkələri səfirlərinin Türkiyə qarşısında geri çəkilməsi HAQDA

  • 21:53 - 25 Oktyabr

"Bu gün səfirliklərin edilən açıqlama ilə yanlışlıkdan geri dönülmüşdür. İnanırıq ki, bu səfirlər bundan sonra daha diqqətli olacaqlar".

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ başda olmaqla 10 səfirin "Türkiyənin daxili işlərinə qarışmayacağıq" bəyanatına münasibət bildirərkən deyib. Ərdoğan, hər kəsin Türkiyənin müstəqil siyasətinə hörmət etməsinin vacib olduğunu bildirib.

"Səfirlərin ilk bəyanatı hər hansı bir şəxsi və subyekti deyil, birbaşa ölkəmizin məhkəmə və suveren hüquqlarını hədəf almışdır. Keçmişdə uzun müddət bu anlayışla ölkəmizi yönləndirənlər, Türkiyə indi öz mövqeyini ortaya qoyunca panikaya düşdülər. Türkiyənin insanpərvərliyini zəiflik olaraq görüb köhnə vərdişlərinə üz tutanlar səhvlərini qəbul etmədikləri müddətcə cavablarını alacaqlar. Bəzi ölkələrin səfirliklərinin verdiyi bəyanatı da eyni şəkildə qəbul etdik. Bu münasibət ölkəmizdəki məhkəmə sisteminə, prokurorlarımıza, vəkillərimizə və bütün məhkəmə orqanlarına təhqirdir. Türkiyə məhkəmə sistemi heç kimdən göstəriş almır, heç kimin əmri ilə işləmir.

Müstəqil və qərəzsiz məhkəmə sistemimizlə lazımi cavabı vermək dövlət başçısı olaraq ilk növbədə bizim borcumuzdur. Ölkəm və millətim adından göstərdiyimiz münasibət bu məsuliyyətli və səmimi duruşun mövzusudur. Məqsədimiz böhrana səbəb olmaq deyil, Türkiyənin şərəfini, qürurunu və ləyaqətini qorumaqdır.Bu gün səfirliklərin edilən açıqlama ilə yanlışlıkdan geri dönülmüşdür. İnanırıq ki, bu səfirlər indi daha diqqətli olacaqlar. Ölkəmizin müstəqilliyinə hörmət etməyən heç kim, hansı diplomatik adla olursa olsun, bu ölkədə yaşaya bilməz", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, oktyabrın 18-də ABŞ başda olmaqla 10 ölkə səfiri bəyanat yayaraq Türkiyəni təhdid etmiş, 15 iyul dövlət çevrilişi cəhdinə görə həbs olunan, hələ istintaqı davam edən, Türkiyədə "Qızıl Soros" olaraq tanınan Osman Kavalanın azad edilməsini tələb etmişdilər. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə səfirlərin bu bəyanatına sərt münasibət bildirərək, diplomatik qaydaları pozan səfirlərin "arzuedilməz şəxs" elan edilə biləcəyini qeyd etmişdi.

"Yatırlar, qalxırlar, Kavala, Kavala. Osman Kavala dediyiniz, Sorosun Türkiyə şöbəsidir. Ölkəmizdə olan 10 ölkənin səfiri bu adam üçün Xarici İşlər Nazirliyinə gəlir. Türkiyəni təhdid edirlər. Bu nə tərbiyyəsizlikdir? Siz bu ölkəni nə zənn edirsiniz? Bura Türkiyədir, Türkiyə. Bura bir qəbilə dövləti deyil. Bu Türkiyədir, şanlı Türkiyə. Türkiyədə həddinizi aşıb Xarici İşlər Nazirliyinə gəlib göstəriş verə bilməzsiniz. Xarici işlər nazirimizə lazımi göstərişləri verdim. Mən ona nə edəcəyimizi söylədim. Mən dedim ki, bir an öncə bu 10 səfirin  "istənməyən şəxs"  elan olunması ilə məşğul olsun. Çünki Türkiyəni tanıyacaqlar, anlayacaqlar, biləcəklər, bilmədikləri, anlamadıqları gün bu ölkəni tərk edəcəklər", - deyə Ərdoğan bildirmişdi. 

Bu gün isə ABŞ səfiri başda olmaqla qeyd olunan 10 ölkənin səfiri geri addım ataraq Vyana Konvensiyasının 41 -ci maddəsinə əməl edəcəklərini bildiriblər.

Avropa.info


Oxunma sayı: 5831

Oxşar yazılar