“Anadolu” agentliyi Ərdoğanın Füzuli səfəri ilə bağlı reportaj hazırladı - FOTO

  • 20:05 - 25 Oktyabr

Sabah Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən ilk hava limanının açılışı olacaq. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər. Füzuli Beynəlxalq Hava Limanına enən ilk xarici dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq.

Bu barədə Türkiyənin nüfuzlu “Anadolu” agentliyində dərc edilən yazıda qeyd olunub.

Yazıda bildirilib ki, 2021-ci il yanvarın 14-də təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Füzuli Beynəlxalq Hava Limanı səkkiz ay ərzində ən yüksək beynəlxalq standartlara uyğun inşa etdirilib. Hava limanına ilk sınaq uçuşu 22 avqustda həyata keçirilib.

Məqalədə xüsusi olaraq vurğulanıb ki, Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Terminal saatda 200 sərnişinə xidmət göstərmək gücünə malikdir. Bütün təyyarələr, o cümlədən iri yük təyyarələri Füzuli Beynəlxalq Hava Limanından asanlıqla istifadə edə biləcək. Avtomatik sistemlərlə təchiz edilmiş hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib.

Yazının yekununda qeyd olunub ki, beynəlxalq reyslərin də həyata keçiriləcəyi Füzuli Beynəlxalq Hava Limanı bununla da Qarabağın dünyaya açılan qapısı olacaq. Hava limanının bölgədə turizmin və ticarətin inkişafına töhfə verəcəyi gözlənilir. Qarabağın simvolik şəhəri olan Şuşaya gedən turistlər də Füzuli hava limanı vasitəsilə daşınacaq. Hava limanı Şuşadan təxminən 100 kilometr və paytaxt Bakıdan 300 kilometr aralıda yerləşir.

 


 


Oxunma sayı: 573

Oxşar yazılar