BANM-in tələbəsi: “Qubadlının azad olunması məni Prezident təqaüdçüsü etdi”

  • 11:20 - 25 Oktyabr

Prezident İlham Əliyevin “2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) Prezident təqaüdünə layiq görülmüş 33 tələbəsindən biri də Qubadlı rayon H. Quliyev adına Texniki fənlər təmayüllü Çaytumas məktəb-liseyin məzunu Nurlan Pirizadədir.

Avropa.info xəbər verir ki, o, 2004-cü il may ayının 14-də Sumqayıt şəhərində anadan olub. Ailəsi Qubadlı rayonundan məcburi köçkün düşərək Sumqayıtda məskunlaşıb. Nurlan qəbul imtahanlarında 681,3 bal toplayaraq, BANM-in Kompüter mühəndisliyi ixtisasını seçib.   

  - Qubadlı işğal olunduqdan sonra ailəniz məcburi köçkün düşüb. Artıq Qubadlının işğaldan azad olunmasından 1 il ötür. Doğma torpağın işğaldan azad edilməsi sizə hansı hisslər yaşatdı?

- Qubadlını görməsəm də, vətən insanın ruhundadır. Doğma torpağımın işğaldan azad olunması mənə böyük motivasiya verdi, Prezident təqaüdçüsü olmağım üçün çalışma əzmi yaratdı. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı azad edərək bizə böyük zəfər yaşatdı. Mən bu tarixə şahidlik etdiyim üçün çox xoşbəxtəm. Əsgərlərimizin şücaətini, qəhrəmanlığını gördükcə, mən də vətənimin, torpağımın adını ucaltmaq üçün çalışacağıma söz verdim. Bunun üçün bir şagird olaraq edə biləcəyim dərslərimi yaxşı oxumaq, ali məktəbə yüksək balla qəbul olunmaq, Prezident təqaüdünə layiq görülmək olardı. Mən də əzmlə çalışaraq yüksək bal topladım və Prezident təqaüdünə layiq görüldüm. Qubadlının azad olunması məni Prezident təqaüdçüsü etdi. Qubadlının adını yüksəltdiyimə görə çox sevinirəm.

- Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı? 

- Bakı Ali Neft Məktəbi haqqında yaxınlarımdan eşitdikdən sonra, onun rəsmi saytından, sosial şəbəkə hesablarından araşdırmağa başladım və təhsilin yüksək səviyyədə olduğunu öyrəndim. Burada tədrisin ingilis dilində aparılması da mənim seçimimdə böyük rol oynadı. Düşünürəm ki, bu Ali Məktəbdəki təhsil mənim gələcək karyerama müsbət təsir göstərəcək, peşəkar mütəxəssis olaraq yetişməyimə imkan yaradacaq.

- İxtisas seçimini necə etdiniz?

- Kompüter elmlərinə böyük marağım var. Həm də bilirəm ki, Kompüter mühəndisliyi ən çox tələb olunan, gələcəyi parlaq sahələrdən biridir. Bu sahədə peşəkar mütəxəssis olaraq uğurlar əldə etmək mümkündür. Ona görə bu ixtisası seçdim.

- İmtahanlara necə hazırlaşırdınız? 

- Əvvəllər dərslərimə hazırlaşarkən özümü  çox yorurdum, sistemsiz işləyirdim. Sonra bu üsulun səmərəli olmadığını anladım. Çünki çox yorğun olmaq dərslərdə səmərəliliyi azaldır, oxuduqlarını qavramaqda çətinlik yaradır. Bundan sonra sistemlə çalışaraq həm dərslərimə, həm də istirahətə vaxt ayırmağa başladım. Anladım ki, hər ikisi balansda olanda yorulmursan. Ona  görə şagirdlərə məsləhət görürəm ki, özlərini çox yormadan sistemli şəkildə imtahana hazırlaşsınlar.

- Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?

- Yüksək bal toplayan biri olaraq abituriyentlərə ən böyük məsləhətim hədəf seçmələridir. Abituriyentlər hədəf, məqsəd seçdikdən sonra ona çatmaq üçün çalışsınlar. Hədəfi müəyyən etdikdən sonra çox çalışaraq ona çatmaq mümkündür. Əgər hədəf olmazsa, yüksək bal toplamaq da mümkün deyil. 

-Adınızı Prezident təqaüdçüləri arasında görəndə hansı hissləri keçirdiniz?

-Böyük qürur hissi yaşadım. Sevincimin həddi-hüdudu yox idi. Həm valideynlərimin, həm məktəbimin, həm də doğma Qubadlımın başını uca etdiyim üçün çox sevinirəm. 

- Gələcək hədəfləriniz nələrdir?

- Əsas hədəflərimdən biri BANM-i yüksək göstəricilərlə bitirmək, magistr təhsili almaq, peşəkar mütəxəssis olmaqdır. Yüksəkixtisaslı mütəxəssis olaraq doğma torpağımda-Qubadlıda çalışmaq niyyətindəyəm. Mən də vətənimə layiqli övlad olmaq, onun adını ucaltmaq, peşəkar mütəxəssis olaraq töhfə vermək istəyirəm.


Oxunma sayı: 771

Oxşar yazılar