Əliyev-Paşinyan görüşü: Moskvada hansı sənəd imzalana bilər? - TƏHLİL

  • 00:57 - 24 Oktyabr

Əliyev və Paşinyanın Moskvada Putinin vasitəçiliyi ilə 8-9 noyabr tarixində görüşəcəyi məlumatını “RİA Novosti” də mənbələrə istinadən yaydı. Kreml informasiyanı təkzib etmir. Və bu, görüşün olacağı ehtimalını daha da artırır.

Görüşün gündəliyinin iki məsələ ətrafında olacağı məlumdur: sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması;

Kommunikasiyaların açılması 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarda əksini tapıb. Detallar üçtərəfli qaydada müzakirə edilir, bu baxımdan, görüşdə kommunikasiyaların açılmasının konkret tarixi üzərində razılaşdırma ola bilər: Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərin başlanması; Qazax-İcevan yolunun açılması və s;

Görüşdə imzalanacaq sənədin sərhəd müqaviləsi olacağı istisna deyil:

1. Putinin “Valday” klubunda çıxışı da bu fikri gücləndirir;
2. Kommunikasiyanın açılmasına başlamaq üçün öncə sərhədlərin müəyyənləşməsi prosesi həyata keçirilməlidir: misal üçün, rusların da xüsusi marağında olan Qazax-İcevan yolunun (Lars keçidində problemlərin yaranması səbəbilə) işə düşməsi üçün Qazaxın 7 kəndinin taleyi həll edilməlidir; yol xüsusilə Bərxudarlı kəndinin üzərindən keçir;

Burada ən vacib məqamlardan biri 10 noyabr bəyanatının imzalanmasından bir il sonra razılaşmanın bəndlərinin yerinə yetirilməsində irəliləyişə nail olmaqdır: Moskva və İrəvan kommunikasiya məsələsində maraqlıdır; Bakının prioritetlərindən biri də bəyanatın 4-cü bəndinin icra edilməsi, erməni qoşunların Qarabağdan çıxarılmasıdır;

Mümkündür ki, Moskvada üçtərəfli görüşə qədər qoşunların çıxarılması prosesi yekunlaşsın. Əliyevin məlum 4-cü bənd haqqında ilk dəfə Ərdoğanla Putinin Soçi görüşündən öncə açıq şəkildə danışması da təsadüfi deyildi (“orada açıq-aşkar göstərilir ki, erməni silahlı qüvvələri bizim torpağımızdan tam çıxarılmalıdır” – “Anadolu”ya müsahibədə) və bu, regionun gələcəyinin müəyyənləşdiyi Soçi görüşündə Əliyevin bu tələbinin də müzakirə edildiyi, qərar verildiyi ehtimalını gücləndirir;

Sərhəd müqaviləsi Azərbaycan və Ermənistanın dövlət sərhədlərini qarşılıqlı tanıması deməkdir və erməni qoşunları Azərbaycan sərhədləri daxilində qaldığı müddətdə bu tanınma hüquqi baxımdan da mümkün deyil.

Asif Nərimanlı


Oxunma sayı: 2817

Oxşar yazılar