Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

  • 21:20 - 21 Oktyabr

Azərbaycanın telekommunikasiya sektorunda aparılan təkmilləşmə işlərinin yekunu olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tərkibində olan "Aztelekom" və "Baktelecom" dövlət operatorlarının birləşdirilməsi və "Aztelekom" adında vahid dövlət telekommunikasiya operatorunun yaradılması nəzərdə tutulur.

Bunu "APA-Economics"ə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

  •  

Onun sözlərinə görə, iki dövlət operatorunun birləşməsi ilə daha çevik və effektiv idarəetmə əldə etmək mümkün olmasına baxmayaraq, daha güclü dövlət operatorunun formalaşması ilə sektorda rəqabətlə bağlı risklər də yarana bilər.

"RİNN son zamanlarda rəqabətli mühitin formalaşması məqsədilə dövlət-özəl tərəfdaşlığı təşəbbüsü də irəli sürüb. Güman etmək olar ki, nazirlik tərkibində bir müddət öncə Prezident fərmanı əsasında aparılan struktur islahatları da məhz bu amillərlə bağlıdır. Struktur islahatlarında əsas istiqamət tənzimləmə ilə bağlı idi", - deyə O. Gündüz qeyd edib.

O həmçinin əlavə edib ki, ölkə başçısının müvafiq fərmanı əsasında sektorda tənzimləmə və rəqabətli mühitin inkişafı məqsədilə yeni qurum – İKT Agentliyi də yaradılıb.

"Sektorda rəqabətin güclənməsi, dövlətə məxsus rabitə resurslarından dövlət və özəl operatorların bərabər əsaslarla istifadəsi, rabitə və internet xidmətlərinə əlçatanlığın və keyfiyyətin artırılması istiqamətində yeni yaranan qurumlardan gözləntilər çoxdur", - deyə O. Gündüz əlavə edib.


Oxunma sayı: 5039

Oxşar yazılar