Moskvada 10 günlük qapanma elan edildi

  • 17:06 - 21 Oktyabr

Rusiyanın paytaxtı Moskvada qeyri-iş günləri oktyabrın 28-dən noyabrın 7-dək davam edəcək. Müvafiq qərar pandemiya ilə bağlı vəziyyətin pisləşməsinə görə qəbul edilib.

Avropa.info xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin məlumat verib.

"Koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq Rusiya prezidenti Vladimir Putin qeyri-iş günləri ilə bağlı qərar qəbul edib. Moskvada da vəziyyət pis ssenari üzrə inkişaf etməkdədir. Önümüzdəki günlərdə biz virusa yoluxmada pik həddə çatacağıq. Ona görə də 28 oktyabr-7 noyabr tarixlərində Moskvada qeyri-iş günləri elan edilir”, - Sobyanin vurğulayıb.

Onun sözlərinə görə, Rusiya prezidentinin fərmanına uyğun olaraq bu müddət ərzində şəhər infrastrukturunun fəaliyyətini təmin edən təşkilatlar, bir sıra vacib müəssisələr istisna olmaqla, digər bütün müəssisə və təşkilatların işi dayandırılaccaq. Oktyabrın 28 -dən etibarən şəhərin məktəb və uşaq bağçalarında tətil elan olunur. Eyni zamanda, ali və orta ixtisas təhsili müəssisələri distant təhsilə keçir.

Bundan əlavə, ticarət mərkəzləri, muzeylər, teatrlar, kinoteatrlar, zooparklar, idman zalları və gözəllik salonları da bağlanacaq. Restoranlar yalnız götürmə və ya çatdırma funksiyasını yerinə yetirəcək. Həmçinin, Moskvada 60 yaşdan yuxarı peyvənd edilməmiş insanların sosial kartları bloklanacaq. Peyvənddən sonra onları blokdan çıxarmaq mümkün olacaq.

Son sutka ərzində Moskvada 7 897 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, dünən prezident Vladimir Putin oktyabrın 30-dan noyabrın 7-dək ölkədə qeyri-iş günləri elan edib və regional hakimiyyət orqanlarının qərarı ilə bu müddətin uzadıla biləcəyini söyləyib.


Oxunma sayı: 2861

Oxşar yazılar