İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu yaradılır

  • 20:25 - 19 Oktyabr

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 19-da Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşüb.

Nazirlər Kabinetindən Avropa.info-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında fəal siyasi dialoqun aparıldığı vurğulandı. Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilib.

Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Ə.Əsədov Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, o cümlədən də Zəngəzur dəhlizinin Slovakiya və Aİ üçün maraqlı olacağını vurğulayıb, rəqəmsal və yaşıl iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarının olduğunu qeyd ebib.

Qeyd edilib ki, Azərbaycan Slovakiya da daxil olmaqla dost ölkələrin şirkətlərinin işğaldan azad edilmiş torpaqların bərpasında iştirakında maraqlıdır.

İ.Korçok Slovakiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və yaxşı siyasi münasibətləri iqtisadi sahəyə də şamil etməyin vacibliyini vurğulayıb.

Sonda Azərbaycan Hökuməti ilə Slovakiya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok imzalayıblar.

Sazişə əsasən, ikitərəfli iqtisadi əməkdaşlığın əlaqələndirilməsi və təşviq edilməsi məqsədilə İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulub.


Oxunma sayı: 1299

Oxşar yazılar