Azərbaycan qazının ixrac statistikası açıqlandı - Gömrük Komitəsinin məlumatı

  • 18:03 - 18 Oktyabr

Azərbaycanın Dövlət Gömrük Komitəsi ölkədən qaz ixracına (yanvar-sentyabr) dair yeni rəqəmləri açıqlayıb. 

Avropa.info xəbər verir ki, həmin məlumatlara əsasən göstərilən müddətdə Azərbaycandan təbii qaz ixracının həcmi 15 milyard kubmetrə yaxın (dəqiq rəqəm 14 milyard 927 milyon 128,82 min kubmetr) olub. İxrac edilən qazın gömrük bəyannamələrinə əsasən dəyəri 3 milyard dollara yaxın (dəqiq rəqəm 2 milyard 951 milyon 453 min 24 dollar) təşkil edib.

Rəqəmlərə əsasən ilin 9 ayı ərzində Türkiyəyə 7.9 milyard kubmetrə yaxın qaz ixrac edilib, bu qazın ümumi dəyəri 1 milyard 207 milyon dollara yaxın olub. Gürcüstana isə 2.62 milyard kubmetrə yaxın qaz satılıb, dəyəri 281 milyon dollara yaxın təşkil edib.

İtaliyaya ixrac edilən qazın həcmi isə 4 milyard kubmetrə yaxındır, dəyəri isə 1 milyard 268 milyon dollara yaxın olub. Yunanıstana 163 milyon dollar dəyərində 502 milyon kubmetrə yaxın, Bolqarıstana 25.5 milyon dollar dəyərində 166 milyon kubmetrə yaxın qaz satılıb. Bununla da Avropaya satılan qazın həcmi 4 milyard 663 milyon kubmetrdən çox olub, dəyəri isə 1 milyard 457 milyon dollardan artıqdır.

Azərbaycanın Avropaya və Türkiyəyə qaz ixracı uzunmüddətli müqavilələr əsasında həyata keçirilir. Gələn ildən etibarən “Şahdəniz-2” yatağından hasil olunacaq qazın 10 milyard kubmetri Avropaya satılacaq. Avropadakı kəskin qiymət artımının Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlərə təsiri gömrük rəqəmlərindən göründüyü kimi, hələlik hiss olunmur.


Oxunma sayı: 3763

Oxşar yazılar