Polis Bakıda dilənən uşağı tapdı: Narkotikdən istifadə edib-etmədiyi məlum oldu - FOTO

  • 11:37 - 15 Oktyabr

“Bakıda dilənən uşaq polis tərəfindən tapılıb. Onun narkotik vasitələrdən istifadə etməsilə bağlı səslənən iddialar əsassızdır”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Avropa.info-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin uşaq xroniki xəstəlikdən əziyyət çəkir.

“Onun barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib.

Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək.

Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib”, - deyə Elşad Hacıyev bildirib.

Qeyd edək ki, ötən gündən sosial şəbəkələrdə Bakıda dilənən bir uşağın görüntüləri yayılıb. Yayılan fotoda əks olunan oğlanın “Nizami” metrosunun girişində diləndiyi bildirilib.


Oxunma sayı: 1717

Oxşar yazılar