BMT Baş katibi Livanda münaqişə tərəflərini sakitliyə çağırıb

  • 22:35 - 14 Oktyabr

BMT-nin Baş katibi Antoniu Quterreş Livandakı münaqişə tərəflərini şiddətə son qoymağa çağırıb.

Bunu Baş katibin nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

"Baş katib bu gün Beyrutda baş verən hadisədən çox narahatdır. Bütün maraqlı tərəfləri təcavüzü dərhal dayandırmağa və təxribatçı hərəkətlərdən çəkinməyə çağırırıq", - Dujarrik deyib.

Sözçü əlavə edib ki, Quterreş keçən ilin avqustunda Beyrut limanında baş verən partlayışla bağlı tam və qərəzsiz araşdırma aparılmasını müdafiə edir.

Xatırladaq ki, "Haraket Amal" partiyasının tərəfdarları oktyabrın 14-də Livanın Tayuni bölgəsinə toplaşıblar. Nümayişçilər keçən il Beyrut limanında baş verən partlayış işini nəzərdən keçirən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.

Etirazçıların Ədalət Sarayına doğru yürüşü zamanı naməlum şəxslər onlara atəş açıb. Yerli mətbuatın yazdığına görə, atışma nəticəsində 6 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Ölkənin baş naziri bildirib ki, Livanda 15 oktyabr Beyrut hadisələrinin qurbanları üçün matəm günü elan edilib.


Oxunma sayı: 2476

Oxşar yazılar