Vətən təyinatlı - Azər Qaraçənlinin yazısı

  • 14:41 - 14 Oktyabr

Azər Qaraçənli

Polkovnik-leytenant Hacı Əsədovun əziz xatirəsinə 

Yada salın 1991-ci ili. 1986-cı ildən SSRİ-də başlanan yenidənqurma siyasəti çoxmillətli, çoxmilyonlu rus imperiyasının kommunist ideologiyalı dayağını sarsıdıb, demokratik hərəkat qol-qanad, etnik münaqişələr əl-qol açıb, 1988-ci ilin fevralından Azərbaycanda erməni separatizmi baş qaldırıb, 1989-cu ildə Azərbaycan türklərinin Ermənistanın ərazisinə düşən dədə-baba torpaqlarımızda dəfələrlə aparılmış deportasiya siyasətinə duruş gətirə bilmiş hissəsi də deportasiya olunub, 1991-ci ilin avqustunda SSRİ rəhbərliyindən bir neçə nəfərin cəhd göstərdiyi dövlət çevrilişi boşa çıxıb, həmin ay Azərbaycan dövlət müstəqilliyini elan eləyib, noyabrda erməni separatizminin qan əkdiyi Qarabağ torpağının səmasında Azərbaycanın dövlət rəhbərliyindən bir neçə nəfərin, eləcə də sovet ordusunun bir neçə zabitinin olduğu vertolyot vurulub, dekabrın sonunda beş ildi sərhədlərinin içi də, çölü də çalxalanan SSRİ birdəfəlik çöküb, il beləcə başa çatıb, tarix və təqvim dəyişib, 1992-ci il gəlib…

Belə bir dövrdə dağılmış SSRİ-nin Rusiya Federasiyasının ərazisinə düşən hissəsində hərbi xidmətini davam elətdirən baş leytenant Hacı Əsədov vətəni Azərbaycana, Bakıya məzuniyyətə yollanıb.

Yada salaq Hacı Əsədovu.

Əsədov Hacı Gülməmməd oğlu 1965-ci il dekabr ayının 5-də Bakının Biləcəri qəsəbəsində anadan olub. 1981-ci ildə Biləcəridə 3 nömrəli dəmiryol məktəbinin 8-ci sinfini bitirəndən sonra bütün həyatını hərb işinə bağlayıb, 1981-1983-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey), 1983-1987-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) təhsil alıb. 1987-ci ildən sovet ordusunda zabit kimi xidmətə başlayıb, SSRİ Silahlı Qüvvələrinin Türküstan Hərbi Dairəsindəki, Uzaq Şərq Hərbi Dairəsindəki hərbi hissələrində vzvod (taqım) komandiri, rota (bölük) komandiri vəzifələrində çalışıb.

1991-ci ilin sonu, 1992-ci ilin əvvəlində Azərbaycana məzuniyyətə gələndə Hacı Əsədov Uzaq Şərq Hərbi Dairəsində rota komandiri idi. SSRİ dağıldığına görə həmin hərbi dairə Rusiya Federasiyası Silahlı Qüvvələrinin tabeliyinə keçmişdi. Yəni məzuniyyətdən qayıdanda Hacı Əsədov daha sovet ordusunun yox, Rusiya Federasiyasının zabiti idi.

Ancaq onun Rusiya Silahlı Qüvvələrində xidməti uzun çəkmir. Məzuniyyətdən qayıdandan bir qədər sonra – 1992-ci ilin mart ayında Hacı Əsədov yenidən vətənə dönür. Bu dəfə məzuniyyətə yox, xidmətə gəlir – Azərbaycan Ordusunda xidmətə. Həm də özbaşına gəlir. Eləcə hərbi hissəni icazəsiz tərk eləyib, çıxıb gəlir vətənə. Rusiyanın gözüylə baxsaq, bu, fərarilikdi, Azərbaycanın gözüylə baxsaq, fədakarlıqdı.

Öz gözümüzlə baxaq özümüzə. Hacı Əsədov da özünə Rusiyanın yox, Azərbaycanın gözüylə baxmışdı, Azərbaycanın gözünü orduya, ordunun gözünü peşəkar zabitlərə dikən görmüşdü. Bu elə bir dövr idi ki, Azərbaycanda peşəkar ordu zabitlərinin sayı lazım olduğundan qat-qat az idi.

Yada salaq 1992-ci ilin birinci yarısındakı Azərbaycan Ordusunu.

Əslində, o dövrün Azərbaycan Ordusu könüllülərdən – yerli özünümüdafiə batalyonlarından, bir də həmin batalyonları idarə eləməyə və bu işi görə-görə özü də formalaşmağa çalışan Müdafiə Nazirliyindən ibarət idi. Azərbaycanda Müdafiə Nazirliyi yalnız dövlət müstəqilliyinin bərpasından sonra yaradılmışdı. Sovet dövründə Azərbaycanda Müdafiə Nazirliyi yox idi, Azərbaycandakı hərbi hissələrin hamısı SSRİ Müdafiə Nazirliyinə, onun strukturlarına tabe idi. Bu hərbi hissələr, necə deyərlər, rus-sovet hərbi hissələri idi, orda azərbaycanlı zabitlərin sayı çox az olardı. SSRİ-nin başqa yerlərində də azərbaycanlı ordu zabitlərinin sayı az idi, sovet dövləti sələfi çar Rusiyası kimi azərbaycanlıların əlinə silah verməkdən həmişə ehtiyat eləmişdi, buna görə sovet ordusuna çağırılan azərbaycanlıların çoxu əslində hərbi xidmətə yox, fəhləliyə aparılırdı, onlar döyüş batalyonlarından çox inşaat batalyonlarında yerləşdirilirdi. Sovet dövründə Azərbaycanda yerli hərbçi kadrların toplaşdığı əsas mərkəz çağırışçıları orduya yığmaqla, səfərbərlik işləriylə məşğul olan hərbi komissarlıqlar idi. Ona görə də Milli Ordu yaradılanda peşəkar kadr bazasının əsas söykənəcəklərindən biri də hərbi komissarlıqlarda işləyən zabitlər olmuşdu.

Bir də milis (polis) qüvvələri vardı. Daxili İşlər Nazirliyi Azərbaycanda sovet dövründə də olduğundan Vətənin müdafiəsinə qoşulan, döyüşlərə yollanan milis (polis) dəstələri daha nizamlı, həm də silahla daha yaxşı davranmağı bacaran qüvvələrdən sayılırdı.

Qayıdaq Hacı Əsədova.

Rusiyadakı hərbi hissəni tərk eləyib Vətənə dönən Hacı Əsədov Milli Ordunun Bakının NZS qəsəbəsindəki hərbi hissəsinə yollanır, heç üç gün keçməmiş birbaşa cəbhə bölgəsinə – Füzuli rayonuna yola düşür. Artıq Hacı Əsədov Azərbaycan Ordusunun zabitidi, Füzulidəki 702 saylı hərbi hissəyə də briqadanın nümayəndəsi kimi gəlib. Bakıdan gəlmiş qonağı, həm də Rusiyadakı hərbi hissəni tərk eləyib özünü Vətənin müdafiəsinə yetirmiş peşəkar zabiti Füzuli şəhərindəki Musiqi İnternatının binasında yerləşən hərbi hissədə, əlbəttə, hörmətlə qarşılayırlar. Yaddan çıxarmayaq: hərbi hissə dediyimiz əslində özünümüdafiə batalyonu, könüllü döyüşçülər, partizanlar qrupudu. Axşam çörək yeyəndə döyüşçülərdən biri araq şüşəsini çıxarıb masanın üstünə qoyur: “Araq içirsən?” “Yox”. “Nəşə çəkirsən?” “Yox”. “Alə, araq içmirsən, nəşə çəkmirsən, nə bakılı oldun sən!” Sonralar Hacı Əsədov dostlarına danışırmış ki, çörək yeyə-yeyə fikirləşirdim mən hara gəlib düşmüşəm…

N saylı hərbi hissədə briqada kəşfiyyatının rəis müavini kimi fəaliyyətə başlayan, sonra bir neçə ayın içində bu hərbi hissənin tabeliyindəki N saylı hərbi hissənin komandir müavini, komandiri olan Hacı Əsədovun – artıq kapitan Hacı Əsədovun əsas işlərindən biri nizam-intizam yaratmaq, özünümüdafiə batalyonunu nizamlı hərbi hissəyə çevirmək olur. Əsgəri hərbi salam verməyə vərdiş elətdirməkdən tutmuş səngər qazmağa, postda yatmamağa məcbur eləməyə qədər – bu iş irili-xırdalı az qala hər məsələni, hər məqamı əhatə eləyir.

“Mən neçə dəfə Füzuliyə hərbi hissəyə gələndə Hacını soruşmuşam, deyiblər yatıb. Bütün gecəni postları gəzirdi ki, uşaqlar yatmasın. Yalnız gündüzlər bir qədər yuxusunu alardı”. O vaxtlar Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzində çalışmış Azad İsazadə belə deyir.

“Mən Hacı Əsədovun gecələr yatdığını görmədim. Bunu heç kim görmədi. Bütün gecəni postları gəzərdi, mövqeləri yoxlayardı. Bir yandan komandir kimi öz məsuliyyətini dərk eləyirdi, o biri yandan da peşəkar hərbçi kimi xüsusilə müharibə dövründə ayıq-sayıqlığın nə demək olduğunu hamıdan yaxşı bilirdi”. 839 saylı hərbi hissədə Hacı Əsədovla çiyin-çiyinə xidmət eləmiş keçmiş döyüşçülərdən biri, o zamanlar hərbi hissənin yanacaq xidmətinin rəisi olmuş Zahid Cəfərov belə deyir.

“Mən 702 saylı hərbi hissənin kəşfiyyat rəisi idim. Peşəkar hərbçi deyildim, hərbi biliyim sovet ordusunda əsgər kimi xidmət elədiyim vaxt öyrəndiklərimdən ibarət idi. 1992-ci ilin iyun ayının 22-də kəşfiyyat əməliyyatı keçirməliydik. Əməliyyatı necə keçirmək lazımdı, qaydası nədi – bu işdə mənə Hacı kömək elədi. Əməliyyat çox uğurlu oldu, düşmənin ehtiyat qüvvələrini, imkanlarını aydınlaşdırıb üzə çıxara bildik”. Yusif Ağayev belə deyir.

Hacı Əsədov kimi Yusif Ağayev də Azərbaycana dövlət müstəqilliyinin bərpası və ermənilərin torpaqlarımıza təcavüzü dalğasında qayıdıb. 1991-ci ildə Qazaxıstanın Quryev Vilayət Prokurorluğunda istintaq idarəsinin prokuroru işləyən Yusif Ağayev Vətənə dönəndən sonra – 1991-1992-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi, 1992-1996-cı illərdəsə Qarabağ Qarnizonunun ilk hərbi prokuroru olub. Bu vəzifələrdə çalışa-çalışa silaha sarılıb döyüşə atılan Yusif Ağayev Hacı Əsədovla Füzulidə dostlaşıb. Haqqında danışdığı kəşfiyyat əməliyyatından bir həftə keçməmiş – 1992-ci ilin iyun ayının 28-də Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşdə yaralanıb, onu hərbi hospitala həmin döyüşün iştirakçılarından olan Hacı Əsədov çatdırıb. 1993-cü ildə Ağdam rayonunun Papravənd kəndində gedən döyüşdə yaralanıb huşunu itirən Yusif Ağayev ikinci cərrahiyyə əməliyyatından sonra gözünü açanda da Hacını başının üstündə görüb. “Yaralandığımı kimdən eşitmişdi, necə gəlib özünü yetirmişdi, bilmədim” deyir Yusif Ağayev.

Yusif Ağayev Hacı Əsədovu əsl vətənpərvər, əsl qəhrəman, əsl hərbçi, əsl dost, bir də dövlətdən-hökumətdən əsl qiymətini ala bilməmiş zabit sayır.

Yusif Ağayev, Zahid Cəfərov, 839 saylı hərbi hissənin döyüşçülərindən olmuş Camal Hacıyev və Vüqar Qarayev, Hacı Əsədovun qardaşı Rafiq Əsədov Bakıda – Azad İsazadənin psixoloq kabinetində toplaşıb Hacını yada salırlar.

Söhbət 1992-1994-cü illərdən düşür. Dövlət müstəqilliyimizin bərpasının ilk illəri, həm də çox qanlı-qadalı illər. Torpaqlarımızın bir hissəsinin işğal olunduğu, bir hissəsinin gah işğal, gah azad olunduğu, axırda neçə-neçə rayonumuzun, şəhərimizin bir igidin ömrü qədər işğal altında saxlanmasına atəşkəs adlı bəhanənin tapıldığı illər.

Yada salaq o illəri.

Əslində, bu qan-qadanın çox uzun keçmişi var, ən yaxın keçmişi 1988-ci ilin fevral ayından – Azərbaycanın bir şəhər (Stepanakert şəhəri), beş rayonundan (Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları) ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbiylə baş qaldıran separatçı hərəkatdan qaynaqlanır. 1989-cu ilin dekabrında Ermənistan Ali Sovetinin və özünü “Dağlıq Qarabağ milli şurası” adlandıran qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar çıxarılır.

1991-ci ilin avqust ayının 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpasına qərar verəndən bir neçə gün sonra – sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan eləyirlər. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarıyla ləğv eləyib Goranboy rayonunun tərkibinə verdiyi keçmiş Şaumyan kənd rayonunun ərazisində elan olunur. Bunun ardınca müharibə alovlanır, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanır. Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv eləyir. Parlament həm də tarixi adları qaytarır – Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırır. Əsgəran və Hadrut rayonları ləğv olunur, mərkəzi Xocalı şəhəri olan Xocalı rayonu yaradılır, Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilir.

1992-ci ilin fevral ayının 26-na keçən gecə Xocalı şəhəri, mayın 8-9-da Şuşa şəhəri, mayın 17-də Laçın şəhəri işğal olunur, Qubadlı rayonuna yaxın kəndləri çıxmaqla Laçın rayonu ermənilərin əlinə keçir.

İyunun 14-də keçmiş Şaumyan kənd rayonu erməni işğalından tam azad olunur. İyulun 4-də Ağdərə şəhəri, az sonra rayonun böyük hissəsi işğalçılardan təmizlənir. Azərbaycan parlamentinin qərarıyla Ağdərə rayonu ləğv olunur, rayonun ərazisi Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülür. 1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad olunur.

1993-cü ilin fevral ayından ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini yenidən işğal eləyirlər. Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal olunur, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçir.

İyunun sonunda ermənilər Ağdərə şəhərini zəbt eləyirlər. İyulun 23-də Ağdam şəhəri, avqustun 23-də Füzuli və Cəbrayıl rayonları, avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, avqustun 31-də Qubadlı rayonu, oktyabrın 29-da Zəngilan rayonu işğal olunur.

1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini və Horadiz qəsəbəsini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini azad eləyir…

Azərbaycanın gənc ordusunun gənc zabiti Hacı Əsədov bütün bu təlatümlərin ağuşundadı. Bu müddətdə o, cəbhənin eyni istiqamətində – Füzuli istiqamətindədi. Uğurların sevinci, uğursuzluqların kədəri içindədi. Füzuli şəhərinin, Divanalılar kəndinin, Məngələnata yüksəkliyinin qısa müddətə geri alınmasının, Horadiz qəsəbəsiylə bərabər azad olunmuş 22 kəndin bir çoxunun həmişəlik düşməndən təmizlənməsinin iştirakçılarından, təşkilatçılarından biridi.

Hər əməliyyat bir aləm hadisədi. Epizodları yada salaq.

1993-cü ildə Füzuli şəhərinin qısa müddətə geri alındığı günlərdə şəhərdə qarətlə məşğul olan bir əsgəri yaxalayırlar. Aydın olur ki, öz əsgərimizdi. Yaxası onsuz da gərgin olan hərbçilərimizin əlinə keçən əsgəri yerində güllələmək istəyinin qarşısını Hacı Əsədov alır. Onun bir neçə şilləsi bir yandan əsgərin cəzası, o biri yandan da qurtuluşu olur. Hacı Əsədov əsgəri cəzasını çəkmiş sayıb hərbi polisə, hərbi prokurorluğa da vermir.

1993-cü ilin avqust ayıdı. Füzuli şəhəri istiqamətində döyüşlər gedir. Əhmədbəyli kəndi bizdədi. Bir PDM (piyadaların döyüş maşını) kəndə doğru gəlir, hərbçilərə çatıb qəfil dayanır. PDM-in sürücü-mexaniki başını çıxarıb boylanır. Kənddə durub hərbi əməliyyatları idarə eləyən yuxarı rütbəli zabitlərdən biri PDM-in əyləcinin o cür qəfil basılmasına əsəbiləşib, atılıb mexanik-sürücüyə qapaz ilişdirir ki, belə-belə olmuş, dövlətin texnikasını niyə korlayırsan!

PDM qəfil dayandığı kimi qəfil də çevrilib gəldiyi yola üz tutanda məsələ aydınlaşır. Ermənilərmiş. Ekipaj karıxıb. Elə biliblər Əhmədbəylini də işğal eləyiblər, kənddəki hərbçilər də özlərininkidi. PDM-i arxasındakı iri erməni xaçı ələ verir. Hacı Əsədov dərhal yanında duran qumbaraatan əsgərə PDM-i vurmağı əmr eləyir. Əsgər hədəfi vurur.

Hərbi baxımdan strateji kənd olan Divanalıların əldən-ələ keçdiyi günlərdi. 1992-ci ilin payızıdı. Bizim özünümüdafiə batalyonlarından birinin komandiri maşına oturub kənddəki hərbi postları yoxlamağa gəlir. Maşını kəndin qırağındakı yüksəkliyin ətəyində saxlayır, maşından düşüb piyada üzüyuxarı qalxır. Yüksəkliyi ermənilərin işğal elədiyindən xəbəri yoxdu. Qəfildən düz ermənilərlə qarşı-qarşıya çıxır. Başlayır üzüaşağı – maşına doğru qaçmağa. 10-15 erməni düşüb dalınca. Əsir götürmək istəyirlər.

Ancaq ermənilərin və bizim komandirin xəbərsiz olduğu bir məsələ də var. Hacı Əsədov yüksəkliyin böyür-başında kəşfiyyatçılar yerləşdirib. Özlərini büruzə verməmək üçün səslərini çıxarmırlar. Elə gizləniblər ki, hiss olunmurlar. Batalyon komandirini qovan ermənilər yüksəklikdəki mövqelərindən uzaqlaşıb aşağıya yaxınlaşanda Hacı Əsədovun kəşfiyyatçıları silahları işə salırlar. Salamat qurtaran yalnız batalyon komandiri olur…

Hacı Əsədov dəfələrlə ağlagəlməz mövqelərdə kəşfiyyatçılar yerləşdirib. O illərdə onun əsas işlərindən biri elə bu olub. Bəzən gecələr mövqeləri yoxlayanda xoruldayan döyüşçüləri hirslə silkələyib yuxudan oyatmasını isə sonralar təbəssümlə yada salırmış.

Yada salaq Hacı Əsədovu.

Zahid Cəfərov: “Hacı kadr zabiti idi. Bunun çox böyük əhəmiyyəti vardı. Hacının N saylı hərbi hissədə komandir müavini olduğu günlərin birində xəbər gəlmişdi ki, bizimkilər Füzulinin Dilağarda kəndi yaxınlığındakı Peykanlı postundan hücuma keçəcəklər. Bizə – 839 saylı hərbi hissəyə zəng eləyib demişdilər ki, siz də ora gəlin. Hacı Əsədov uşaqları yığdı getdi, amma posta yaxınlaşanda öz peşəkar intiusiyasıyla anladı ki, məlumat doğru deyil. Onun sayıqlığı olmasa, bizimkilərin hamısı qırılardı”.

Vüqar Qarayev həmin vaxt Hacı Əsədovun yanında olub: “Peykanlı postuna yaxınlaşanda Hacı dedi avtomatları hazır tutun, nəsə burdan gözüm su içmir. Postda bir köhnə vaqon vardı. Ordan bizə atəş açmağa başladılar. Sən demə, ermənilərdəymiş post. Hacı, mən və Etibar cavab atəşi açmağa başladıq. Bizə düzgün məlumat verməmişdilər. Amma Hacının qoçaqlığı sayəsində orda itki vermədik”.

Vüqar Qarayev deyir ki, o vaxt rabitə sistemi, ratsiya-filan hər yerdə yox idi: “Çox güman, zəng eləyib bizə postdan hücuma keçiləcəyini deyənlər oranın ermənilərin əlində olduğunu bilmirmişlər”.

Camal Hacıyev: “Bizim özünümüdafiə batalyonu 839 saylı hərbi hissəyə çevriləndə, yəni özünümüdafiə dəstəsinin yerində nizamlı hərbi hissənin yaradılmasına başlananda vacib işlərdən biri də postların düzgün bölünməsi idi. Bu işdə Hacı Əsədovun çox böyük əməyi oldu. Postlar harda yerləşdirilməlidi, necə qurulmalıdı – bu cür mühüm məsələləri həll eləyən əsas adam Hacı Əsədov idi. Hətta o vaxt Hacı bizdəki köhnə telefonları da yığışdırdı. Dedi bunlar təhlükəsiz deyil, belə telefonlarla hərbi sirləri bölüşmək olmaz”.

Vüqar Qarayev: “Hacı Əsədov N saylı hərbi hissədə komandir müavini olanda döyüş üzrə müavin idi, döyüş planlarını o cızırdı”.

Yusif Ağayev 1992-ci ilin iyul ayında Tuğ kəndi istiqamətində şəhid olmuş əsgərlərimizin döyüş meydanında qalan meyitlərinin bir erməni girovuna dəyişdirilməsi hadisəsini yada salır.

Meyitlərin girova dəyişdirilməsi üçün plan cızılır. Planı N saylı hərbi hissənin komandiri Eldar Ağayev, o dövrdə N saylı hərbi hissənin kəşfiyyat rəisinin müavini vəzifəsində çalışan Hacı Əsədov və N saylı hərbi hissənin komandir müavini olan Yusif Ağayev birgə hazırlayırlar.

Ermənilər şərt qoyubmuşlar ki, silahsız gəlməlisiz, yoxsa meyitləri götürməyə imkan verilməyəcək.

Gecə Hacı Əsədov deyir ki, meyitləri daşıyacaq hərbçilərimizin təhlükəsizliyi üçün təkcə kənardan snayperlər yerləşdirmək azdı, ərazidə gizlicə mövqe tutmaq da gərəkdi. Səhər bizimkilər meyitləri döyüş meydanından yığmağa başlayılar. Hacı Əsədovun kəşfiyyatçıları ermənilərin yaxınlığında maskalanıb gizləniblər. Qəfildən bir ilan sürünə-sürünə kəşfiyyatçılardan birinin üstünə gəlir. Kəşfiyyatçı məcbur olub ayağa qalxır. Bunu görüb yanındakı başqa kəşfiyyatçılar da ayağa dururlar. Ermənilər karıxıb qalırlar ki, bunlar hardan çıxdılar.

Yusif Ağayev: “O gün hava çox isti idi. Meyitlərin çıxarılması xeyli vaxt aparırdı. Erməni komandir özünə su gətirtdi. Əl-üzünü yuyanda kitelini çıxartdı, bu vaxt altdan bədəninə bağladığı tapançası göründü. Hacı qayıtdı ki, bayaqdan bizim orda gizli mövqe tutmağımıza gileylənirdin, etibar-etibar deyirdin, budu sənin etibarın, silahla gəlmisən. Erməni bilmədi nə cavab versin, mızıldana-mızıldana tapançasına bir don geyindirməyə çalışdı. Günün sonuna kimi girovu verib şəhidlərimizin meyitlərini ərazidən çıxardıq. Ciddi bir insident olmadı. Yəni atəş açılmadı”.

Bütün Azərbaycan – Azərbaycan xalqı, Azərbaycan döyüşçüləri kimi Hacı Əsədovun da taleyinə 1994-cü ilin mayı atəşkəs müqaviləsinin imzalandığı ay kimi düşür.

Yada salaq: Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının iclası keçirilir. İclasda Rusiya ortaya Qarabağda atəşkəs elan olunması üçün sənəd qoyur. Mayın 5-i Ermənistan parlamentinin sədri, Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının sədri və katibi, Qırğızıstan Ali Sovetinin sədri, Rusiya vasitəçilik missiyasının rəhbəri Bişkekdə sənədi imzalayırlar. Azərbaycan parlamentinin sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri sənədə mayın 8-i Bakıda qol çəkirlər. Bişkek protokolu adlanan bu sənədə əsaslanan Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı mayın 12-si Moskvada atəşkəs sazişi imzalayırlar…

Bu elə bir dövrdü ki, Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlardan dördü bütünlüklə, üçü qismən işğalı altındadı. Hacı Əsədov qismən işğal altında olan rayonların birində – Füzulidə hərbi hissə komandiridi. Qismən işğal altında olan o biri rayonlar Cəbrayıl və Ağdamdı. Çox cüzi hissəsini çıxmaqla bütünlüklə işğal altında olan Dağlıq Qarabağ bölgəsi Xankəndi şəhərindən, Şuşa, Xocalı, Xocavənd rayonlarından və keçmiş Ağdərə rayonundan ibarətdi. Bu bölgənin ətrafında tam işğal olunan rayonlar isə Laçın, Kəlbəcər, Qubadlı və Zəngilandı.

Atəşkəs müqaviləsi üzdə problemi sülh yoluyla, danışıqlarla həll eləmək vasitəsi, altda işğalın ömrünü uzatmaq üçün bir bəhanədi.

Dönək Hacı Əsədova.

O, Ermənistan-Azərbaycan müharibəsindən qabaq da azca qala müharibə iştirakçısına çevriləcəkdi. Sovet ordusunda – Uzaq Şərq Hərbi Dairəsində qulluq elədiyi vaxt baş leytenant Hacı Əsədov sovet qoşunlarının Əfqanıstandakı kontingentinə qoşulmağa hazırlaşırmış. Onun Əfqanıstana göndərilməsi üçün bütün sənədləşmə işləri aparılıbmış – viza, xarici pasport, hamısı hazır imiş. Ancaq 1988-1989-cu illərdə Sovet İttifaqının qoşunlarını Əfqanıstandan çıxarması Hacını yad dövlətin yad məmləkətdəki amansız müharibəsindən xilas elədi. Hərçənd özü buna xilas kimi baxmırmış, çünki Əfqanıstana getməyə könüllü yazılıbmış. Hacı Əsədov Əfqanıstana getsəydi nələr olacaqdı, bir Allah bilir. Sovet İttifaqının 10 il Əfqanıstanda apardığı müharibədə milyonlarla mülki adam, on minlərlə hərbçi həyatını itirib. O müharibədə 7500 azərbaycanlı iştirak eləyib, onların 208-i həlak olub, 7-si itkin düşüb…

Sovet hökuməti Əfqanıstan müharibəsinə hər zabiti göndərmirdi, seçmə zabitləri göndərirdi. Hacı Əsədovun Əfqanıstana getmək istəyinə müsbət cavab verilməsi onun o vaxtdan seçmə hərbçilərdən olduğunu göstərir.

Elə seçmə hərbçilərdən olduğuna görə 1994-cü ilin sonlarında, atəşkəs müqaviləsindən az sonra Azərbaycanın Müdafiə Nazirliyi Hacı Əsədovu bir neçə zabitlə birgə Türkiyəyə – xüsusi təyinatlı hərbçilərin hazırlandığı “Komando” kursuna göndərir. Hacı Əsədov 1 il Konya şəhərində akademik kursda təhsil alır, kursu əlaçı kimi bitirir. Konyadan ayrılanda, məzunların buraxılış tədbirində türkiyəli general kapitan Hacı Əsədovu öz yanında oturdur.

1995-ci ildə kursu bitirib Azərbaycana qayıdan Hacı Əsədov N saylı xüsusi təyinatlı hərbi hissənin qərargah rəisi təyin olunur. Ona mayor hərbi rütbəsi verilir. Bu hərbi hissənin komandiri sağlığında Milli Qəhrəman adına layiq görülmüş Eldar Ağayev idi.

O dövrdə orduda indiki kimi ayrıca Xüsusi Təyinatlı Qüvvələr, yəni belə bir hərbi vahid yox idi, yalnız ayrı-ayrı xüsusi təyinatlı hərbi hissələr vardı. Hacı Əsədovun qərargah rəisi olduğu xüsusi təyinatlı hissə Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin tabeliyində idi. Hərbi hissənin qərargahı Bakının Qaradağ rayonundakı Şubanı qəsəbəsində yerləşirdi.

Polkovnik Eldar Ağayev 1997-ci ildə Azərbaycan Texniki Universitetinə hərbi kafedra rəisi vəzifəsinə keçəndən sonra Hacı Əsədov 776 saylı hərbi hissənin komandiri olur. Az sonra polkovnik-leytenant hərbi rütbəsi alan Hacı Əsədov 2004-cü iləcən 776 saylı xüsusi təyinatlı hərbi hissəyə komandirlik eləyir.

Yada salaq Hacı Əsədovun bu hərbi hissənin komandiri olduğu illəri.

Azad İsazadə: “İnsana qiymət verəndə gərək dövrü, zamanı da gözünün qabağına gətirəsən. Hacı 1997-2004-cü illərdə elit bir hərbi hissənin komandiri olub. Gözünüzün qabağına gətirin o dövrü və bu xüsusiyyəti: o, bir dəfə də olsun hansısa əsgərdən, əsgər valideynindən bir manat rüşvət almayıb, ordunun malına-mülkünə, ərzağına, bir sözlə, komandir kimi sərəncamında olan imkanlara bir dəfə də əl uzatmayıb”.

Yusif Ağayev: “Heç kim deyə bilməz ki, Hacı nə vaxtsa hansısa “haqq-hesab” məsələsində iştirak eləyib. Bunu heç kəs deyə bilməz. Son dərəcə təmiz adam idi. Hərbi hissədəki yoxlamalarda bir qəpik də əyər-əskik tapılmazdı. Yoxlayıcılar nəsə umanda Hacı onları qovardı, onları hətta yeməyə də dəvət eləməzdi, yəni qonaqlıq-zad da verməzdi onlara, deyərdi nöqsanım varsa, tapın üzə çıxarın”.

Camal Hacıyev: “Hacının Füzulidəki döyüşçü dostlarından birinin oğlu əsgərliyə çağırılanda N saylı hərbi hissəyə düşmüşdü. Əsgərin atası rayondan Hacıyla görüşə gəlir, özüylə pay da gətirir. Görüşürlər, Hacı sovqata baxıb deyir: Sən indiyə kimi mənə pay gətirməmisən, deməli, bunu oğlun mənim əsgərimdi deyə gətirmisən.

Şubanıda məcburi köçkünlər də məskunlaşmışdı. Hacı döyüşçü dostunu – əsgər atasını məcbur eləyir ki, gətirdiyi payı köçkünlərə versin. Özü də deyir mənim gözümün qabağında verməlisən. Beləcə əsgər atası gətirdiyi sovqatı Hacının gözünün qabağında köçkünlərə paylayır”.

Zahid Cəfərov: “Mənim bir qohumumun da oğlu Şubanıda Hacının komandir olduğu hərbi hissəyə düşmüşdü. Bunu Hacıya deməyə getmişdim, cibimə bir az şokolad-konfet də alıb qoymuşdum. Onun kabinetində cibimdən şirniyyatı çıxaranda Hacı bir biabırçılıq elədi gəl görəsən. Dedim axı burda nə var, bu rüşvət deyil ki, bir ovuc konfetdi, gətirmişəm çayla içək. Hacı dedi yox, çox nahaq bunu alıb gətirmisən”.

Vüqar Qarayev: “Dostluğa son dərəcə sədaqətli idi, amma bunu xidməti işə qatmazdı. Deyərdi dostluq öz yerində, xidmət öz yerində. Lap gözünün işığı olsun, burda birlikdə çörək kəsdiyi hərbçinin beş metr aralananda hansısa qaydanı bir balaca pozduğunu görəndə, məsələn, görəndə ki, yaxasını açıq qoyub, dərhal əmr eləyərdi ki, yaxanı bağla, nolsun çörək kəsmişik, biz ordudayıq. İşinə – özünə də, başqalarına da çox tələbkar idi”.

Rafiq Əsədov: “Bir dəfə Hacının yanına getmişdim. İki qardaş oturub çay içirdik onun kabinetində. Qapı döyüldü, içəri bir hərbçi girdi, bilmirəm əsgər idi, ya gizir. Hacıya nəsə kağız verib getdi. Bir az keçdi, bir başqa hərbçi gəldi, yenə eyni qaydada bir kağız verib getdi. Sonra üçüncü hərbçi gəldi, o da bir kağız verib getdi.

Yarım saat keçdi içəri bir gizir girdi – onu tanıyıdım, bilirdim ki, ərzağa baxır. Dedi, komandir, ərzağı gətirdim. Qaiməni Hacıya verib otaqdan çıxdı.

O gedən kimi Hacı bayaq gətirilən üç kağızı qaimə ilə bərabər masanın üstünə qoyub diqqətlə dördünü də saf-çürük eləməyə başladı. Soruşdum nədi? Dedi heç nə. Amma gördüm nədisə çox diqqətlə araşdırır, kağızları bir-biriylə, qaiməylə tutuşdurur. Baxdı qurtardı, hamısını büküb qırağa qoyanda dedim sən canın nədi bunlar?

Güldü, dedi hərbçilərdən birini təpənin üstündə oturtmuşam, biri anbarın içindədi, o biri də filan yerdə. Sən demə, ayrı-ayrı yerlərdə kəşfiyyatçılar qoyub ki, hərbi hissəyə gətirilən kisələrin, qutuların sayını yazsınlar. Hacı onların yazdıqlarını gizirin verdiyi qaiməylə tutuşdururmuş ki, birdən ərzaq anbarından oğurluq-zad olar”.

Polkovnik-leytenant Hacı Əsədov komandiri olduğu hərbi hissədə əsgərlərin məzuniyyətə çıxma növbəsini siyahılaşdırıb hər bölükdə divara vurdururmuş. Hər əsgər bilirmiş ki, nə vaxt məzuniyyətə gedəcək. Hacı Əsədov bunu ona görə eləyirmiş ki, onun tabeliyində olan komandirlər əsgərə məzuniyyət vədi verib qarşılığında rüşvət uma bilməsinlər. Məzuniyyətdən qayıdan əsgərin də çantasını Hacı Əsədov özü yoxlatdırarmış ki, görsün əsgər komandirlərə nəsə gətiribmi. Tutalım, çantada bişmiş çolpa görsə bir söz deməzmiş. Yəni bir bişmiş çolpadısa, deməli, əsgər özünə, dostlarına gətirib. Amma iki çiy çolpa görəndə soruşarmış: Neyləyirsən bu çiy çolpaları? Deməli, komandirlərdən kimsə sənə tapşırıb ki, çolpa gətir. Denən görüm kim tapşırıb?..

“Yanırdı əsgər üçün. – Qardaşı Rafiq deyir. – Əsgərin ayağında cırıq çəkmə görəndə evdən özünün ehtiyat çəkməsini gətirdib verirdi. Deyirdi mənim əsgərim ayaqqabısı cırıq gəzə bilməz. Yəni əsgərdən nəsə ummaq nədir, hətta ayağının çəkməsini çıxarıb verərdi əsgərə. Atalıq qayğısı göstərərdi. Deyirdi siz imkanlıların day-dayısız, mən yetim-yesirin day-dayısı”.

Qardaşı deyir Hacı Əsədov əsgəri vurmağı da qadağan eləmişdi: “Deyirdi eşidəm-biləm kimsə əsgərə əl qaldırıb, hansı vəzifədə, rütbədə zabit olsun, onun işini prokurorluğa verəcəm.

Dayısı deputat olan bir zabit başqa bir zabitin çənəsini qırmışdı. Hacı raport yazıb onu prokurorluğa vermişdi. Hacını çağırıb sıxırdılar ki, filankəsin bacısı oğludu, raportu geri götür. Götürmədi. O işin nəticəsi necə oldu, bilmirəm, amma Hacı raportu geri götürmədi”.

Hacı Əsədov əsgərlərə siqaret yasağı da qoyubmuş. Elan eləyibmiş: Hansı əsgəri siqaret çəkən görsəm, 7 sutka həbs verəcəm. Deyirmiş siz xüsusi təyinatlısız, gündə kilometrlərlə yol gedirsiz, sizə siqaret çəkmək olmaz.

Bir dəfə N saylı hərbi hissənin bölük komandirlərindən biri gəlib Hacı Əsədova deyir ki, əsgərə məzuniyyət veririk, getmir. Hacı Əsədov təəccüblənir, fikirləşir ki, burda nəsə əmma ola bilər. Əsgəri çağırır ki, niyə getmirsən məzuniyyətə, bəlkə səndən pul istəyirlər, açıq de. Əsgər deyir ki, nəyə gedim, komandir, evdə vəziyyətimiz o qədər də yaxşı deyil. Bəlli olur ki, məsələ rüşvətdə deyil, yoxsulluqda, imkansızlıqdadı. Əsgər kasıb ailəsini məzuniyyətə görə əziyyətə salmaq istəmir. O da bəlli olur ki, əsgər Füzulidəndi, atası Hacı Əsədovun tanıdığı döyüşçülərdəndi. Hacı Əsədov əsgərə onun atasını tanıdığını demir, eləcə cibinə pul basıb onu məzuniyyətə göndərir.

Hacı Əsədovun da cibinə pul basan olub. Hadisə 1998, ya da 1999-cu ildə baş verib. Azərbaycana səfərə gələn Türkiyə Silahlı Qüvvələrinin yüksək vəzifəli generalı N saylı hərbi hissəyə baş çəkir. Hərbi hissəni gəzir, təlim yerlərinə, əsgər yataqxanalarına, yeməkxanaya, hamama baxır. Hamamın vəziyyəti xoşuna gəlmir. Cibindən 1500 dollar çıxarıb Hacı Əsədova verir ki, hamamı düzəldin. Bilənlər deyir: Hacı Əsədov o pulu qəpiyinəcən hamama xərclədi.

Qardaşı Rafiq başqa məqamları da bilir: Hacı bəzən hərbi hissədəki təmirə öz maaşından pul xərcləyirmiş.

…Azad İsazadə, Yusif Ağayev, Zahid Cəfərov, Camal Hacıyev, Vüqar Qarayev, Rafiq Əsədov Bakıda – psixoloq kabinetində toplaşıb Hacı Əsədovu yada salırlar. Söhbətin gedişində bir cəhəti də qeyd eləyirlər: Hacı Əsədov mütaliəyə çox bağlı adam olub.

Rafiq Əsədov: “Həmişə oxuyardı, öz üzərində işləyərdi”.

Yusif Ağayev: “O dövrdə hərdən tam savadsız əsgərlərə rast gəlmək olurdu. Yəni üzündən oxuya bilməyən əsgərlər vardı. Bəzisi uşaq vaxtından evi saxlamağa, mala-qoyuna getməyə məcbur olmuşdu, ona görə təhsildən tam uzaq düşmüşdü. Hacı 776-nın komandiri olanda hərbi hissədə belə əsgərlər üçün məktəb açmışdı. Əsgərlər orda yazıb-oxumağı öyrənirdilər. Bundan başqa Hacı hərbi hissəyə idman ustalarını çağırırdı ki, xüsusi təyinatlılara əlbəyaxa döyüş qaydalarını öyrətsinlər. Nazirliyin təşəbbüsü deyildi bunlar, Hacının öz təşəbbüsü, öz təşkilatçılığıyla görülən işlər idi”.

Hacı Əsədovun təhsilə verdiyi qiymətə sovet dövründən də misal var. Onun Uzaq Şərq Hərbi Dairəsində vzvod komandiri olduğu vaxt hərbi hissədə Babaconov soyadlı bir tacik əsgər xidmət eləyirmiş. Rusca bir kəlmə də bilmirmiş. Hərbi hissədə hamı ondan əlini üzübmüş, deyirmişlər qoy 2 ilini – xidmət müddətini birtəhər yola verib getsin. Amma Hacı Əsədov ayrı fikrə düşür. Rusca bilən bir başqa tacik əsgərin köməyi ilə Babaconova hərbi texnikayla davranmağın qaydalarını öyrətməyə başlayır. Nəticədə Babaconov PDM sürən əsgərə – mexanik-sürücüyə çevrilir. Hərbi hissənin rəhbərliyi qarşısında uğurla imtahan da verir. Babaconov imtahanı əla qiymətlə başa vurandan sonra Uzaq Şərq Hərbi Dairəsinin qəzetində bu barədə yazı dərc olunur. Yazıda Hacı Əsədov çox təriflənir.

Qayıdaq çağdaş dövrümüzə.

2004-cü ildə Müdafiə Nazirliyi xüsusi təyinatlı hərbi hissələri ləğv eləyib bir briqadada – N saylı Yaşma briqadasında cəmləşdirir. N saylı hərbi hissənin də şəxsi heyəti briqadanın tabeliyinə keçir. Bundan sonra Hacı Əsədov “Şəmkir korpusu” kimi tanınan ordu korpusunun əməliyyat idarəsinə rəis müavini göndərilir. 2008-ci iləcən burda xidmət eləyir. Dostları deyir Qazaxdan tutmuş Murovdağa qədər elə yüksəklik yox idi ki, Hacı orda olmasın, gedib əsgərlərə, komandirlərə baş çəkməsin. Azərbaycanın öz istehsalı olan irikalibrli “İstiqlal” snayper tüfənginin ilk təcrübələrindən biri də burda – Şəmkir korpusunda reallaşır: “İstiqlal” düşmən texnikasını vurub aşırır. Bu uğurda korpusun əməliyyat idarəsinin rəis müavini Hacı Əsədovun xüsusi rolu olur.

43 yaş nədi ki… Amma Hacı Əsədovun Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə oxumağa başladığı vaxtdan hesablasaq, bu həm də 27 illik hərb həyatı deməkdi. Yaşının 43-cü, hərbçi ömrünün 27-ci ilində – 2008-ci ildə polkovnik-leytenant Hacı Əsədov təqaüdə göndərilir.

Həmin il o, Şəmkirdən Bakıya qayıdıb Biləcəridə yenicə tikdirdiyi evdə ailəsi ilə birgə yaşamağa başlayır.

Bu evin özünün ayrıca tarixçəsi var. Rafiq Əsədov yada salır: “Hacı 2500 dollara Biləcəridə balaca bir torpaq sahəsi almışdı. Amma ev tikdirə bilməmişdi. Üç qız, bir oğul atasıdı Hacı. Şəmkir korpusunda işlədiyi vaxtlar idi, dedim bir oğlun var, gəl onun kiçik toyunu elə, məclis keçirək, dost-tanışı, qohum-əqrəbanı yığaq, şadlanaq. Əvvəlcə razı olmadı ki, ayıbdı. Ancaq təkid elədim. Dilə tutdum, dedim bir oğlun var, nolacaq, gəl məclisi şadlıq evində keçirək. Axırda razılaşdı. Onun bir xasiyyəti vardı, əvvəlcə yox deyərdi, amma dilə tutanda razılaşardı ki, yaxşı, necə bilirsiz eləyin.

Getdim şadlıq evini danışdım, təşkilati işlərin hamısını gördüm. Gözəl bir məclis oldu. Toydan yığılan nəmər məclisin xərcini ödədi, bir az da əlavə qaldı. Hacının bundan xəbəri yox idi. Onun ümumiyyətlə məişət qayğılarından xəbəri olmazdı. Özünü bütünlüklə orduya, hərbi xidmətə həsr eləmişdi. Əsgərə ailəsindən çox diqqət-qayğı göstərərdi.

Hə, o vaxt düşündüm ki, toydan qalan nəməri də xeyir işə xərcləyək, Hacıya ev tikməyə başlayaq. Dedim, qardaşım, gəl tikintini başlayaq. Çıxdı özündən ki, mənim o qədər pulum var ev tikməyə? Dedim, əşi, mən verəcəm, mən tapacam, sənin nə işinə qalıb. Yola gətirə bilmədik. Zəng elədim ağsaqqallara, Hacının dostlarına ki, yığışın gəlin, bircə kəlmə “hə” desin, biz işimizi görək. Pul da özündə deyil e, pul bizdədi.

Axırı dedi ki, əşi, nə istəyirsiz eləyin. Səhərisi gün tökdüm ustaları torpaq sahəsinə, birinci mərtəbə tikildi. Zəng elədim Şəmkirə ki, bir dəfə gəl bax da, gör işlər necə gedir, xoşuna gəlir, ya yox.

Gəldi baxdı, xoşuna gəldi, ürəyi açıldı. Yaxşıdı, dedi. Dedim tikintini davam elətdirməyə pul lazımdı. Yenə başladı ki, mənim pulum nə gəzir. Dedim, əşi, maaşının az qismini saxla özündə, özünə çatacaq qədər, onsuz da ailən, uşaqların burdadı, qalanını göndər bizə, tikintini davam elətdirək.

İkinci mərtəbəni tikdik. Sonra dedim mansard da qaldıraq. Yenə əvvəldə yox dedi, dilə tutandan sonra dedi özün bil, necə istəyirsən elə. Mansardı da qaldırdıq.

10 il əlləşdi o evin üstündə. 10 il xırda-xırda təmir elədi. Axır ki, evin içini düzəldib qurtardı. Çölü qalıb hələ də. Hər dəfə mənə deyirdi ki, alə, bu boyda tikmisən, təmir eləyib qurtara bilmirəm, özününkü boyda tikəydin də.

Mənim evim birmərtəbəlidi. Deyirdim sən polkovnik-leytenantsan, mən sürücü, sənin evin daha iri olmalıdı. Bu ev tikilənə qədər Hacının şəxsi evi olmayıb. Elə komandirlər vardı hərbi hissənin heyətini töküb özünə ev tikdirirdi. Belə şeylər Hacının heç ağlının ucundan da keçməzdi. Özü dövlətin hərbçi kimi ayırdığı xidməti mənzildə yaşayırdı, ailəsi isə Biləcəridə, ata yurdumuzun qonşuluğunda kirayədə qalırdı. Hacı təqaüdə çıxandan sonra xidməti mənzil geri alındı. Yaxşı ki, bu evi tikdik, ailəsinin kirayədən canı qurtardı.

Təqaüdə çıxandan sonra bir müddət evdə işsiz qaldı. Cavan adam, özü də daim hərəkətdə olan adam – işsizlik ona pis təsir eləyirdi. Bir az idmançı görkəmini itirməsinə – azca kökəlməsinə də dilxor olurdu.

Bir şirkət vardı, Bakıya yük vaqonları ilə motor yağları gətirdirdi, işçiləri o yağları vaqondan boşaldıb, avtomobillərə yükləyib rayonlara satış yerlərinə aparırdılar. Hacı o şirkətdə işə düzəldi. Bəli, vaqondan yük boşaldırdı. Yükü vaqondan boşaldıb, şirkətin maşınına yükləyib rayonlara aparırdı. Həm işdən qorxan adam deyildi, həm də daim ailəsini necə saxlamışdısa yenə o cür saxlayırdı – halal zəhmətiylə.

Hacının həyat yoldaşı müəllimədi. Orta məktəbdə dərs deyir. Ömrü boyu əl-ələ verib övladlarını halal zəhmətlə böyüdüblər”.

2020-də hərbçi dostları yığışıb Hacı Əsədova avtomobil hədiyyə eləyirlər. Beləliklə, bir qədər əvvəl şəxsi evə sahiblənən Hacı Əsədovun şəxsi avtomobili də olur. Bir gün həyat yoldaşını da götürüb bu avtomobillə Türkiyədə təhsil alan övladlarına baş çəkmək onun şirin arzularından birinə çevrilir.

Hacı Əsədov Türkiyəyə gedir, amma başqa səbəbdən. Onda xərçəng xəstəliyi aşkarlanır. Dost-qardaş köməkləşib Hacını Türkiyəyə əməliyyata yola salırlar. Bu hadisə 2020-ci ilin avqust ayında baş verir. Biz yada salaq sentyabrı və ondan sonrakı ayları.

Sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlanır. Bu müharibə tarixə Vətən müharibəsi adıyla düşür. Hərbi əməliyyatların ilk günü – sentyabrın 27-si Füzuli rayonunun 4, Cəbrayıl rayonunun 2 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər azad olunur.

Oktyabrın 3-ü keçmiş Ağdərə rayonunun 2, Cəbrayılın 5, Füzulinin 1 kəndi azad olunur.

Oktyabrın 4-ü Cəbrayıl şəhəri və rayonun 9 kəndi azad olunur.

Oktyabrın 5-i Cəbrayılın 3 kəndi, oktyabrın 9-u Xocavənd rayonunun Hadrut qəsəbəsi və 1 kəndi, Cəbrayılın 4, Füzulinin 2, keçmiş Ağdərə rayonunun 1 kəndi, oktyabrın 14-ü Füzulinin 3, Xocavəndin 5 kəndi, oktyabrın 15-i Xocavəndin 4, Füzulinin 1, Cəbrayılın 1 kəndi, oktyabrın 16-sı Xocavəndin 3 kəndi, oktyabrın 17-si Füzulinin 7 kəndi və Füzuli şəhəri azad olunur.

Oktyabrın 18-i qədim Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılır.

Oktyabrın 19-u Cəbrayılın 13 kəndi, oktyabrın 20-si Zəngilan rayonunun 6 kəndi və Zəngilan şəhəri, Füzulinin 6, Cəbrayılın 7, Xocavəndin 5 kəndi, oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi, Cəbrayılın 5, Füzulinin 3 kəndi azad olunur.

Oktyabrın 22-si Zəngilanın 13 kəndi və Ağbənd qəsəbəsi, Cəbrayılın 4, Füzulinin 3 kəndi, oktyabrın 23-ü Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2, Qubadlı rayonunun 4 kəndi, oktyabrın 25-26-sı Zəngilanın 4, Cəbrayılın 6, Qubadlının 7 kəndi və Qubadlı şəhəri azad olunur.

Oktyabrın 28-i Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi, oktyabrın 30-u Cəbrayılın 4, Zəngilanın 2, Qubadlının 3 kəndi, noyabrın 2-si Cəbrayılın 3, Zəngilanın 2, Qubadlının 3 kəndi, noyabrın 4-ü Cəbrayılın 2, Zəngilanın 2, Qubadlının 3 kəndi, noyabrın 7-si Füzulinin 6, Cəbrayılın 2, Qubadlının 3, Zəngilanın 1, Xocavəndin 2, Xocalı rayonunun 2 kəndi azad olunur.

Noyabrın 8-i Şuşa şəhəri azad olunur.

Noyabrın 9-u Füzulinin 17, Xocalının 6, Şuşa rayonunun 1, Xocavəndin 13, Cəbrayılın 11, Qubadlının 15 kəndi, Zəngilanın 5 kəndi və Bartaz qəsəbəsi, Laçın rayonunun 3 kəndi azadlığa qovuşur.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayırlar. Hərbi əməliyyatlar dayandırılır. Bəyanata uyğun olaraq Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmaq öhdəliyi götürür. Noyabrın 20-də Ağdam şəhəri və rayonun işğal altında qalan kəndlərinin hamısı, noyabrın 25-də bütün Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonunun böyük hissəsi Azərbaycana qaytarılır.

Laçın şəhəri və rayonun 6 kəndi üçtərəfli bəyanat əsasında Azərbaycana gətirilən Rusiya qoşununun nəzarətinə verilir. Rus qoşunu bura təkbaşına, işğalda qalan başqa ərazilərə (Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi və 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi və 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi və 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi) isə separatçı erməni qoşunuyla birgə nəzarət eləməyə başlayır.

2020-ci ilin Vətən müharibəsində Azərbaycan 3 min nəfərə yaxın şəhid verir. İki aydan bir az çox müddətdə – əvvəlcə hərbi əməliyyatlar, sonra üçtərəfli bəyanat nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında saxlanan torpaqlarının böyük hissəsini azad eləyir.

Təqaüddə olan polkovnik-leytenant Hacı Əsədov bütün bu hadisələri xəstə yatağında izləyir. Deyir kaş mən də orda olaydım. Deyir cərrahiyyə əməliyyatı olmasaydı, könüllü gedəcəkdim müharibəyə. Müharibəyə könüllü yazılanların arasında vaxtilə onunla birgə xidmət eləmiş neçə-neçə hərbçi, köhnə döyüşçülər də var.

44 gündə misilsiz fədakarlıqlar göstərən neçə-neçə xüsusi təyinatlını Hacı Əsədov şəxsən tanıyır. Başda xüsusi təyinatlılar olmaqla döyüşçülərimizin Şuşanı dağlara dırmana-dırmana azad elədiyini eşidəndə Hacı Əsədov deyir bizimkilər əməliyyat üçün ən düzgün metodu seçiblər, “sızma əməliyyatı”, “sızma metodu” Şuşanı azad eləməyin ən yaxşı yoludu. O özü illərlə Şamaxı dağlarında tabeliyində olan xüsusi təyinatlılarla və başqa xüsusi təyinatlı hərbi hissələrlə birgə dağ döyüşlərinə hazırlıq təlimləri keçib. Əslində o təlimlər həm də Şuşa döyüşlərinə bir hazırlıq olub. Dostları deyir Şamaxının təlim keçirilən kəndində Hacını indi də xatırlayırlar. Deyirlər o yerlərdə Hacı kənd camaatıyla o qədər mehriban davranırmış, camaata elə qaynayıb-qarışıbmış ki, onun başına and içirmişlər. Şəhərdə doğulub böyümüş Hacı Əsədovun öz əsli-kökü də dağlara gedib çıxır. O, əslən Xızıdandı, necə deyərlər, dağlı balasıdı.

Dostları deyir Hacı Füzulidə döyüşəndə də yerli camaata hədsiz doğmalaşıbmış, özünü yerlilərdən ayırmırmış. Hacı Əsədov Füzulidən olan döyüşçü dostu, Füzulinin işğal olunması nəticəsində köçkün düşüb Bakıda məskunlaşmış Zahid Cəfərova tez-tez belə deyirmiş: Sən tərəkəmə şəhərli oldun, mən şəhərli tərəkəmə.

Yada salaq Hacı Əsədovu.

Qardaşı Rafiq deyir atam-anam onu vətənçün yaratmışdı, iliyinəcən hərbçi idi, sənətini bəlkə balalarından da çox sevirdi.

2021-ci ilin 27 may günü Hacı Əsədov özünə ikinci Vətən bildiyi Türkiyədə fani dünyanı tərk eləyir.

Mayın 28-i – Cümhuriyyətimizin 103-cü ildönümü Cümhuriyyət zabiti Bakının Biləcəri qəsəbəsində torpağa tapşırılır. Xəstəlik ona işğaldan azad olunmuş torpaqları, eləcə də Füzulinin azad olunmuş torpaqlarını görməyə imkan vermir. Amma bu gün Hacı Əsədov həm də Füzuli torpağı altında uyuyur. Dostları Füzulidən torpaq gətirib Hacının məzarı üstünə səpiblər.

Unutmayaq Hacı Əsədovu.

Dostları ona dövlət-hökumət səviyyəsində lazımınca qiymət verilməməsindən bir az gileylidilər. Hərçənd özü heç vaxt qədir-qiymət davası döyməyib, orden-medal, mükafat umacağında olmayıb. Ordudakı fədakarlıqlarına görə 2003-cü ildə ölkə Prezidentinin sərəncamıyla layiq görüldüyü “İgidliyə görə” medalını, müdafiə nazirinin əmrlərinə əsasən layiq bilindiyi “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı və Silahlı Qüvvələrin yubiley medalını, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmriylə təltif olunduğu fəxri fərmanı (“Komandir hazırlığında yüksək nailiyyətlərə görə”), Müdafiə Nazirliyində rəhbər vəzifələr tutan başqa generalların əmrləriylə təltif olunduğu fəxri fərmanları (“776 saylı hərbi hissənin 11-ci ildönümü münasibətilə döyüş hazırlığında əldə elədiyi nailiyyətlərə görə”, “Silahlı Qüvvələrin sıralarında xidmət elədiyi müddətdə göstərdiyi nümunəvi xidmətinə, davranışına, döyüş və ictimai-siyasi hazırlığında əldə elədiyi nailiyyətlərə görə”) xahişsiz-minnətsiz, halal haqqı kimi alıb.

O heç vaxt təmənna ummayıb, çəkdiyi zəhməti Vətənə halal bilib, ondan ötrü çəkilən zəhmətlər də halalı olsun.

Yəqin özü sağ olsaydı, söhbət qədir-qiymət verməkdən düşsə, deyərdi qiymət qoyan da sağ olsun, qoymayan da, təki Vətən sağ olsun!

Olsun! Hacı Əsədov kimi bütün Vətən oğullarının dediyi olsun: Vətən sağ olsun! 


Oxunma sayı: 617

Oxşar yazılar