Azərbaycan Türk Şurası ilə birgə konfrans keçirəcək

  • 15:07 - 14 Oktyabr

Oktyabrın 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutu (IFAT) və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeştdə “Türkdilli ölkələrin müstəqilliyinin 30 illiyi və əməkdaşlıq: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Avropa.info-ya BMTM-dən məlumat verilib.

Konfransın ilk günündə açılış və giriş nitqi ilə Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray, IFAT-ın direktoru Marton Uqrosdi, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türk Şurasının katibi Bağdad Amrayev çıxış edəcəklər. Həmçinin tədbirdə fəxri qonaq qismində Türkiyənin keçmiş Baş Naziri, türkdilli ölkələrin Ağsaqqallar Şurasının Türkiyə tərəfdən üzvü Binəli Yıldırım və Azərbaycanın keçmiş Baş və Xarici İşlər naziri, qurumun Azərbaycan tərəfdən üzvü Həsən Həsənov da qatılacaq və çıxış edəcək.

Daha sonra panel müzakirələrində türkdilli ölkələrin müstəqilliyinin 30-cu ilində Türkiyə və Macarıstanla inkişaf edən münasibətlər, 44 günlük müharibədən sonra regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar, yeni nəqliyyat dəhlizinin formalaşması və onun regional iqtisadi əməkdaşlığa təsirləri müzakirə olunacaq.

Azərbaycan tərəfdən tədbirə həmçinin BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova, şöbə müdiri Cavid Vəliyev və aparıcı məsləhətçi Orxan Bağırov qatılacaq. Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi, Qırğızıstanın Strateji Araşdırmalar üzrə Mili İnstitutu(NİSS), Qazaxıstanın Prezident yanında Strateji Araşdırmalar İnstitutu (KAZİSS) və  Özbəkistanın Strateji və Regional Araşdırmalar İnstitutundan nümayəndələr iştirak edəcək. 


Oxunma sayı: 584

Oxşar yazılar