"Türkiyə savaşın ilk günündən bütün dünyaya dedi ki, qarışmayın, müdaxilə etsəniz qarşınızda Türkiyəni görəcəksiniz" - Prezident İlham Əliyev

  • 16:01 - 27 Sentyabr

Prezident Rəcəb Tayyib Ərdoğan, əvvəlki illərdə yüksək platformalardan Azərbaycanın haqlı davası ilə bağlı geniş məlumatlar paylaşırdı. Hər zaman bu məsələ xarici siyasətlə bağlı məsələri arasında bir nömrəli məsələ idi. Bu dəfə qələbədən sonra bu sözləri orada (BMT Baş Assambleyasında) deməsinə sevindik. Bu, bir daha göstərir ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanın yanındadır.

Avropa.info xəbər verir ki,  bu sözlər Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində Azərbaycanla Türkiyə arasındakı əlaqələrin gələcəyi ilə bağlı suala cavab verərkən deyib.

Prezident bunları deyib:

“Müharibənin ilk saatlarında o, Azərbaycanın yalnız olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirdi və bu bizə əlavə güc vermişdi, mənəvi güc vermidi. Türkiyənin Azərbaycan üçün, Azərbaycanın Türkiyə üçün nə qədər yaxın və səmimi olduğunu bilirsiniz. 10 ildir ki, uzun bir yol qət etmişik və əlaqələrimizi maksimuma çatdırmışıq. Dedim ki, dünyada belə bir əməkdaşlıq, dostluq və qardaşlıq nümunəsi yoxdur. Eyni tarixə, etnik mənşəyə və dilə sahib bir çox ölkənin olduğunu, ancaq aralarında nə qədər qarşıdurma, inamsızlıq və problemlərin olduğunu söylədim. Etnik, dini və mədəni köklər o ölkələrin qardaş ölkələr olacağı anlamına gəlmir. Belə nümunələr çoxdur. Həm Yaxın Şərqdə, həm də postsovet məkanında. Çox güclü bir tarixi və mədəni təməl üzərində belə gözəl bir münasibətlər sarayının qurulması həm cənab Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim xüsusi xidmətimizdir. Burada təvazökar olmamalıyam, bu həqiqətdir. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Türkiyə bizimlə birlikdə bütün dünyaya "qarışmayın, müdaxilə etməyin, Azərbaycan haqq yolundadı. Əgər qarışsanız, müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz" mesajını verdi. Azərbaycan haqq yolundadır. Bu, əlbəttə, çox böyük üstünlük idi.

İkinci Qarabağ müharibəsindən sonra münasibətlərimiz daha da yüksək səviyyələrə çatdı. Müharibə bitəndən sonra hörmətli prezidenti Şuşaya dəvət etdim. O, Şuşaya gələnə qədər başqa ölkələrdən heç kimin Şuşaya getməyəcəyini söyləmişdim. Hətta Türkiyədən gələnlər də var idi, ora getmək istəyirdilər. Dedim ki, təşəkkür edirəm, amma gözlə. Qardaşım gəlsin, Şuşaya getsin, ondan sonra yolunuz açıqdır.

Şuşa Bəyannaməsinin imzalanması münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdı. Şuşa Bəyannaməsi ilə “de-fakto” əlaqələrimizi “de-jure” səviyyəsinə, müttəfiqlik səviyyəsinə qaldırdıq. Artıq hər sahədə müttəfiqlik münasibətlərində idik. Amma bunu rəsmən elan etdik. Bu, gələcək fəaliyyətlərimiz üçün bir yoldur. Bu yolla gedəcəyik. Düşünürəm ki, gündən -günə güclənən əlaqələr, ortaq layihələr, həmrəyliyimiz və qardaşlığımız bütün qonşularımız üçün nümunədir. Əgər bütün qonşularımız münasibətlərini Azərbaycanla Türkiyə kimi qursaydılar, onda dünyada müharibə olmazdı”.

Avropa.info


Oxunma sayı: 5600

Oxşar yazılar