İlham Əliyev Türkiyəyə təşəkkür etdi: "Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi"

  • 10:49 - 27 Sentyabr

44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün - Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.

Avropa.info bildirir ki, bunu Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram. Həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm də bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır".


Oxunma sayı: 2751

Oxşar yazılar