Doğum günündə şəhid olan, şəhadətindən 5 ay sonra yeganə övladı dünyaya gələn qəhrəmanımız - Cəsur baş leytenant Ağaqardaş Abbasov (FOTO)

  • 22:28 - 26 Sentyabr

27 sentyabr 2021-ci il tarixi. Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.

Avropa.info xəbər verir ki, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

İşğal altındakı torpaqlarımızın azad olunması zamanı qəhrəmancasına şəhid olan igidlərimizdən biri Baş leytenant Abbasov Ağaqardaş İlham oğludur. 

Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28 Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.

Qəhrəman şəhidimiz Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib.

Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ali təhsil alsa da, hərbiyə olan marağı onun hərbçi olmasına səbəb olmuşdu.

O, istər məktəb, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsə örnək olub.

Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib.

Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün də çalışıb. O, 28 sentyabr tarixində snayper gülləsinə tuş gələrək, şəhid olub.

Şəhid zabitimizin atası İlham Abbasov deyir: "Üstümüzdəki 30 illik ləkəni bu uşaqlar sildilər. Bu cavanlar torpaq üçün canlarından keçdilər. Mənim də balamın payına torpağa qurban getmək düşdü. Mənim kimi üç minə yaxın şəhid atası var”.       

Ağaqardaş ötən ilin aprelindən Beyləqanda dislokasiya olunmuş hərbi birliyin həmlə briqadasında xidmətə başlayıb. Füzulidə  cəbhəni yaran, düşmənin möhkəmləndirilmiş müdafiə səddini keçən, onların ən çətin postunu birinci alan da həmin briqada olub. Daha sonra düzənlik ərazi ilə irəliləyib ikinci müdafiə xəttinə çatanda briqadanın 7 döyüşçüsü şəhid olub.

“Şəhidlərin meyitlərini 38 gün tapa bilmədik. Hər gün Zərdab-Füzuli yollarında qalmışdım. Oğlumun meyitini axtarırdım. 38 gündən sonra torpağın altından tapıldı balamın meyiti. Düşmənlər onlara yaralı vəziyyətdə əzab verib, öldürüb, sonra üstlərini torpaqlamışdılar. Balam yaralı halda hərbi hissənin zabitlərinə zəng vurub onlardan kömək istəyib. Düzdür, oğlumu oradan çıxartmağa can atıblar, amma düşmən həmin ərazini atəşə tutduğundan yaralıları oradan götürə bilməyiblər. Neytral zonada balam yaralı vəziyyətdə qalıb, çıxara bilməyiblər” – şəhid atası göz yaşları içərisində danışır.

File:Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəhid məzunu Ağaqardaş  Abbasov.png - Wikimedia Commons

Şəhid atası deyir ki, oğlu ilə birgə yeddi hərbiçinin cəsədi 38 gündən sonra “Korqan” deyilən ərazidən tapılıb: “Ora çox qarışıq bir yerdir. Həmin ərazidə su kəməri vardı, yuxarısı isə erməni postu idi. Ermənilər orada pusqu qurublar. Birinci postu alıb keçəndən sonra ikincidə döyüşçülər pusquya düşüblər. Oğlumla birgə döyüşən gizir Babək Abışov vardı, Beyləqandan idi. Mənə deyirdilər ki, əgər girovdularsa ikisi də girovdu, ölüblərsə ikisi də ölüb. Həqiqətən də ikisinin də meyiti eyni gündə, eyni yerdən tapıldı. Oğlumla birgə şəhid olanlardan biri də Tovuzdan olan Vasif adlı oğlan idi”.

Qeyd edək ki, 5 il övlad həsrəti çəkən şəhidimiz bir neçə ay sonra ata olmağa hazırlaşırdı. Bu ilin fevral ayında şəhid Ağaqardaş Abbasovun qızı İlknur dünyaya gəldi. Ağaqardaş Abbasovun dünyaya yeni gəlmiş qız övladı Zərdabda təntənə ilə qarşılanıb.

Şəhid Ağaqardaş Abbasovun qızı dünyaya gəldi - <span>FOTO</span>

Baku Medical Plaza klinikasında dünyaya göz açan şəhid övladına ”YAŞAT FONDU” tərəfindən qızıldan hazırlanmış Xarı bülbül nışanı təqdim olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaqardaş Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaqardaş Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin!

Avropa.info


Oxunma sayı: 9659

Oxşar yazılar