İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO

  • 14:45 - 25 Sentyabr

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupu Abşeron rayonunda mənzillərlə təmin edilib.

Nazirlikdən verilən məlumata görə, ümumən son günlər bu kateqoriyadan olan 70 şəxs mənzillə təmin olunub.

Məzunlara yeni mənzillərin açarlarını təqdim edən Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən dövlət uşaq müəssisələri məzunlarına xüsusi qayğısı nəticəsində həmin insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. 

Qeyd edilib ki, bu kateqoriyadan olan insanların mənzillə təminatı sahəsində də ölkəmizdə mühüm işlər aparılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib.

Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir.

Yeni mənzillə təmin olunan dövlət uşaq müəssisələri məzunları həmişə diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 


Oxunma sayı: 1761

Oxşar yazılar