Dövlət başçısı: “Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”

  • 08:50 - 24 Sentyabr

“Bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyidir. Qoşulmama Hərəkatının 120 üzvünün yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısında üç il ərzində Hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə edir. Bu il Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyini daha bir il - 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir”.

Avropa.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir.

Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: “Biz Bakı Beynəlxalq Ticarət Limanını istifadəyə vermişik ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər.

Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Bununla yanaşı, biz Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanlarını araşdırırıq.

Azərbaycan Prezidentinin sözlərinə görə, hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir: “Hədəfimiz 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət edirəm.

Mən azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru bu yaxınlarda Yaşıl Enerji Zonası elan etmişəm. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var”.

Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilib. Bu gün biz dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edirik. Eyni zamanda, əhalimizin artması və iqtisadi inkişaf ilə əlaqədar daxili enerji istehlakı da artmaqdadır. Cari ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft sənayesi 18.4 faiz artmışdır”.


Oxunma sayı: 595

Oxşar yazılar