İlham Əliyev: “Ermənistanın hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450-dən çox insan yaralanıb”

  • 08:46 - 24 Sentyabr

“Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Ermənistan açıq şəkildə qanunsuz məskunlaşdırma siyasətini həyata keçirərək, əsasən Yaxın Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirirdi. İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdi”.

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu: “Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla alındı.

Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışımda mən xəbərdarlıq etmişdim ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”.

Bundan üç gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı”.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu: “Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib.

Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi.

Ermənistan, eyni zamanda, xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb edərək onları Azərbaycana qarşı istifadə edirdi.
44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.


Oxunma sayı: 1222

Oxşar yazılar