Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib

  • 20:20 - 23 Sentyabr

Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib. Siyahıda "APA Group"un baş direktoru Vüsalə Abışova da yer alıb.

Müsabiqənin təşkilatçısı olan "Caspian Energy Club"dan  verilən məlumata görə, "Caspian Energy Club"ın sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, birinci milli "CEO Award Azerbaijan" müsabiqəsinin səsverməsi yekunlaşıb.

 

"Səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yüzdən artıq top-menecer iştirak edib. Eyni zamanda ilk dəfə olaraq bu cür müsabiqəyə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri qatılıblar. Səsvermənin nəticəsinə görə, 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib", - T. Əliyev bildirib.

"Bu müsabiqəni bir neçə məqsədlə təşkil etmişik. Bir çoxumuzun şirkətlərin adları, onların məhsul və xidmətləri, həmçinin təqdim etdikləri brendlər haqqında məlumatı var. Lakin biz çox nadir hallarda biznes simalarını tanıyırıq. Buna görə top-menecerlərin və biznes sahiblərinin bu açıq səsvermədə iştirak etmələri olduqca vacib idi. Həmçinin müasir biznesmenlərin diqqətini sosial şəbəkələrdə aktivliyə yönəltmək istəyirdik. Çünki bu müsabiqədə məhz sosial şəbəkələrdə və KİV-də daha aktiv olan top-menecerlər qalib gəldilər", - deyə o əlavə edib.

T. Əliyev onu da qeyd edib ki, statistikaya nəzər yetirdikdə, görmək olar ki, səsverməyə əsasən müsabiqənin ilk iki həftəsində, ön sıralarda olan top-menecərlərin əksəriyyəti xanımlar idi. Lakin sonradan siyahıda kişilər üstünlük təşkil edib: "Müsabiqə qaliblərinin demək olar ki, yarısının qadın rəhbərlər olması bizim üçün çox önəmli və vacibdir. "CEO Award Azerbaijan" müsabiqəsinin nəticələri müəyyən bir mesajdır, öz işini qurmaq niyyətində olan və sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olmaq istəyən qadınlar üçün motivasiyadır".

T. Əliyev qeyd edib ki, yalnız Azərbaycan brendlərinin iştirak etdiyi "Brand Award Azerbaijan"dan fərqli olaraq "CEO Award Azerbaijan"a yerli şirkət nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin top-menecrləri də qatıldılar. Həmçinin aparıcı holdinq və iri şirkətlərin müəyyən sayda rəhbər və top-menecerləri "Caspian Energy Club"ın xahişi ilə gənc nəslin xeyrinə müsabiqədə iştirak etməyib, kiçik və orta biznes nümayəndələrini dəstəkləyiblər: "Onlar biznesin yeni ulduzlarının parlamasını, biznesdə tanınsalar da, geniş auditoriyaya hələ tanış olmayan yeni adların üzə çıxmasını istədilər. Bu təşəbbüsə görə iri biznes nümayəndələrinə minnətdarıq. Müsabiqə həqiqətən böyük maraqla qarşılandı. 13 mindən artıq səs verənin iştirakı həm biznesmenlərin, həm də əhalinin bu müsabiqəyə böyük marağının olmasından xəbər verir".

"Caspian Energy Club"ın rəhbəri onu da əlavə edib ki, gələn il "CEO Award" müsabiqəsinin Qazaxıstan, Rusiya, Gürcüstan, Özbəkistan, Türkiyə, Ukrayna və bir sıra Avropa ölkələrində keçirilməsi nəzərdə tutulur. "Brand Award International" nümunəsində növbəti ilin sonunda "CEO Award International" müsabiqəsi təşkil olunacaq.

"Fəal iştiraka və səsverməyə görə bir daha hər kəsə təşəkkür etmək istəyirəm. Qalibləri təbrik edir və həmçinin müsabiqədə iştirak etmiş, lakin TOP-25 siyahısına düşə bilməmiş tanınmış top-menecerlərə uğurlar arzulayıram. Əminəm ki, bu il ərzində sosial şəbəkələrdə və KİV-də daha fəal iştirak etmək imkanları olacaq və növbəti ildə qələbəni məhz onlar qazanacaqlar", - deyə T. Əliyev söyləyib.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"ın əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stumullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. "Caspian Energy Club"ın mənzil-qərargahı Bakıda yerləşir. "Caspian Energy Club"ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.


 


Oxunma sayı: 672

Oxşar yazılar