Zaxarova Türkiyəyə qarşı həddini aşdı, Peskov vəziyyəti yumşaltdı: "Türkiyə ortağımızdır, heç nə əməkdaşlığımıza mane olmur" - KRIM MƏSƏLƏSİ

  • 15:57 - 21 Sentyabr

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Krımda keçirilən parlament seçkilərini tanımadığını açıqlayıb.

Avropa.info xəbər verir ki, bundan sonra Rusiyadan ard-arda açıqlamalar edilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyəyə qarşı həddini aşan, sərt ritorikadan istifadə edib.

"Bu cür açıqlamaları əsla gözardı etmirik. Əgər onlar Moskvadan müvafiq qınaqları, xatırlatmaları və tənqidləri eşitməkdən yorulmazlarsa, səbrlidirlər. Ancaq bu, yalnız ikitərəfli əlaqələrin inkişafının lehinə olmayan nəticələrə səbəb olacaq", -deyə Zaxarova qeyd edib.

Kremlin sözçüsü Dmitri  Peskov isə daha yumşaq şəkildə açıqlaması ilə yadda qalıb.

"Biz bu cür bəyanatları qəbul etmirik və bunu türk həmkarlarımıza açıq şəkildə deyirik. Ankara ilə Krım məsələsində fikirlərimiz bir -birindən tamamilə fərqlidir. Türkiyənin bu mövqeyindən təəssüflənirik, amma ümid edirik ki, zamanla bu mövzuda siyasi iradə göstəriləcək və Türkiyə reallığa uyğun olaraq və hörmət edərək bu mövqeyini dəyişəcək.

Əlbəttə ki, Türkiyə bizim ortağımızdır və fərqləndiyimiz vacib məsələlərin olması, ikitərəfli münasibətlərimizin hərtərəfli inkişafına və regional mövzularda əməkdaşlığımıza mane olmur və olmamalıdır", -deyə Peskov bildirib.

Xatırladaq ki, Türkiyə XİN-in sözçüsü, səfir Tanju Bilgiç Rusiyada keçirilən parlament seçkilərinin Krım nəticələrinin Türkiyə üçün "heç bir hüquqi qüvvəsi olmadığını" demişdi. 

Avropa.info


Oxunma sayı: 4775

Oxşar yazılar