İrandan Azərbaycana gətirilən tonlarla kartofda təhlükəli zərərverici AŞKARLANDI

  • 14:11 - 21 Sentyabr

İrandan Azərbaycana gətirilən kartofda təhlükə zərərverici aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Avropa.info-ya verilən məlumata görə, İran İslam Respublikasından fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən сari ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 47 600 kiloqram, hüquqi şəxs “Salamoğlu-2020” MMC tərəfindən isə 7, 8 və 14 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 70 800 kiloqram olan ərzaqlıq kartof məhsul partiyalarına baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Nümunələrin götürülməsi prosesində yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilib və ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı ilə bağlı xəbərdarlıq olunaraq onların bu barədə iltizamı alınıb.

Aparılmış ekspertizanın nəticələrinə əsasən, qeyd edilən beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella - kartof güvəsi tırtıl mərhələsində) aşkar edilib.

Bildirilib ki, ekspertizanın nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün yüklərin saxlandığı anbarlara Agentliyin əməkdaşları tərəfindən təkrar baxış zamanı adı qeyd edilən şəxslərdən iltizamnamənin alınmasına baxmayaraq, yük partiyalarının satıldığı faktı aşkar olunub və bununla da qanuni yazılı tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.


Oxunma sayı: 1299

Oxşar yazılar