"Yazılanları oxuyanda adamın başına hava gəlir..."

  • 20:56 - 17 Sentyabr

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli ifadə verib.

O, ifadəsinə əvvəlcə KİVDF-yə necə rəhbər təyin olunması barədə danışıb: "Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin sabiq köməkçisi Əli Həsənov məni qəbul etdi. Mənə bildirdilər ki, Əli Həsənov bizə nəzarət edəcək, nə lazımdırsa, deyəcək. Fondun fəaliyyət göstərməsi üçün əvvəlcə “8-ci kilometr” adlanan ərazidə zirzəmi təklif etdilər. Sonra dedilər ki, fond üçün uyğun yeri özünüz tapın. Əvvəlcə "İçərişəhər"də üç otaqlı yerdə fəaliyyətə başladıq. Həmin yer çox dar idi. Bununla bağlı Əli Həsənova məruzə etdim. O, isə mənə Mətbuat prospektində yerləşən Beynəlxalq Mətbuat Mərkəzini təklif etdi. Gedib baxış keçirəndə həqiqətən də uyğun yer olduğunu gördüm. Binanın üçüncü mərtəbəsini bəyəndim. Dediyim kimi Əli Həsənovun məsləhəti ilə..."

Daha sonra təqsirləndirilən şəxs icarəyə götürülən yer üçün şişirdilmiş məbləğ verilməsi barədə danışıb: "Biz fəaliyyət göstərmək üçün yer götürdükdən sonra qiymətlərlə maraqlandıq. Dedilər, binanın hər kvadratına görə icarə haqqı 20-22 manat təşkil edir, ancaq sizə 18 manatdan verə bilərlər. Bununla bağlı Maliyyə Nazirliyinə məlumat verdim, bildirdilər ki, qiymət normaldır. Bizə vəsaiti Nazirlər Kabineti ayırırdı. Xərclər smetasına isə xəzinədar nəzarət edirdi. Bizə heç kim demədi ki, bahadır, irad tutan da olmadı. Biz də fikirləşdik ki, uyğundur. Yoxlama dövründə qeyd olunub ki, bazar qiymətlərinə görə icarə haqqı 12-13 manatdır. Sonra yazılıb ki, dövlət rüsumu 47 qəpikdir. Belə şey olar? Biz təkcə vergiyə 119 min 77 manat ödəmişik. Həmin vaxt mən etiraz etdim ki, yoxlama mənim iştirakım olmadan keçirilib. 2019-cu ildə Bilik Fondu fəaliyyətini dayandırdı. Əli Həsənov mənə dedi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub yaz, xahiş et ki, Bilik Fondunun əmlakı bizə verilsin. Xahişimiz təmin edildi və əmlak bizə verildi. İcarə məsələsinə gəlincə, Maliyyə Nazirliyi bizə dedi ki, ilin ortası olduğu üçün vəsait ayıra bilmirlər, hələ ki öz imkanlarımız hesabına idarə edək, növbəti ildən vəsait ayrılacaq".

Vüqar Səfərli daha sonra ittihamda əks olunan ictimai-siyasi qəzet olmayan “Futbol+Qol” qəzetinə vəsait ayrılması ilə bağlı danışıb. O bildirib ki, qəzetlərə maliyyə ayrılması ilə bağlı qərarı fondun tərkibində olan Müşahidə Şurası verirdi: “Vəsait ayrılması üçün tələblər hazırlanaraq Müşahidə Şurasına təqdim olunur, onun əsasında da maliyyə ayrılırdı. Mən, sadəcə, icraçı olmuşam, qərarlara müdaxilə etməmişəm, sadəcə, iclaslarda iştirak etmişəm".

 

Daha sonra Vüqar Səfərli bildirib ki, qərarları Müşahidə Şurası qəbul etsə də, onlardan heç kim istintaqda dindirilməyib: "Müşahidə Şurasında keçirilən bütün iclasların videosu var. “Futbol+Qol” populyar qəzet idi, ona görə də pul ayrılıb. Hətta mən soruşdum ki, niyə ittihama salınıb bu hissə, dedilər həyat yoldaşınızın adına olduğu üçün araşdırılıb. 2017-2018-ci ildə iki dəfə ümumilikdə 20 min manat olmaqla qəzetə pul ayrılıb. Həmin vəsaitin ayrılması da Prezident Administrasiyası ilə məsləhətləsdirilib".

V.Səfərlinin sözlərinə görə,  2018-ci ilin sonunda Əli Həsənov ona bildirib ki, qəzetlərin keyfiyyətindən narazıdırlar: “Dedi ki, qəzetlərin tirajını artıraq, hansı qəzet rəqabətə dözsə, qalsın. Bundan sonra qəzet redaktorları mənə narazılıq etdi. Mən də bunu Əli Həsənova dedim. O isə mənə bildirdi ki, baş redaktorlarla görüşək. Qəzet rəhbərləri ilə Mətbuat Mərkəzində görüşümüz oldu. Görüşdə qərar verildi ki, yalnız ictimai-siyasi qəzetlərə maliyyə ayrılsın. Bu qərarla 8 qəzet kənarda qalaraq maliyyəsi dayandırıldı, digər qəzetlərin maliyyəsi isə artdı".

O, jurnalistlər üçün tikilən binalara ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı verilən ittihama da aydınlıq gətirib. Vüqar Səfərli bildirib ki, həmin binaların tikintisi üçün ayrıca mütəxəssis götürülmüşdü: "İttiham aktını oxuyanda adamın başına hava gəlir. Tikinti ilə bağlı qanunsuzluqları mənimlə əlaqələndirilər. Halbuki tikinti üçün ayrıca mütəxəssis vardı. Yazırlar ki, qiymətlər şişirdilib. Tikintinin aparılması üçün tender elan edilmişdi. "Portos" MMC tenderin qalibi seçildi. Tikintini aparan şirkətə vəsait hissə-hissə ödənilib. İttiham aktını oxuyanda adamın başına hava gəlir. Mən ayrılan vəsaiti tikinti şirkətinin hesabına köçürmüşəm. Onlar daha sonra neyniyiblər, bilmirəm."

V. Səfərli ayrılan vəsaitin nağdlaşdırıılmasına də aydınlıq gətirib: "Nəyə görə istintaq aydınlaşdırmır ki, pullar necə nağdlaşdırıılıb? Mənim 64 yaşım var, insan həyatı ilə belə oynamaq olmaz. Mən vəsaitin hardan gəlib hara getdiyini bilmirəm".

V.Səfərli daha sonra ayrılan pulların nağdlaşdırılması barədə ifadə verib:" İstintaq  pulların nəyə görə nağdlaşdırılmasını aydınlaşdırmayıb? Tikinti şirkətinin rəhbəri olan Ədalət Vəliyev istintaqdakı ifadəsində 16 milyon zərər vurmasını etiraf edib. Ola bilər ki, tikintidə məsiliyyətsizlik etmişəm. Gedib materialların kefiyyətini yoxlaya bilməzdim, suvaq ölçməli deyildim. Mən sadəcə işlərin aparılmasını yoxlayırdım. Hər şeyə Əli Həsənov özü nəzarət edirdi".

Daha sonra V.Səfərli bank hesabında olan pullara aydınlıq gətirib. O bildirib ki, bank hesabında olan pullar onun şəxsi vəsaiti olub:" Əvvəllər bizneslə məşğul olmuşam. Çinə gedib-gəlirdim. Yazıblar ki, hesabımda 5 mliyon pul olub. Müəyyən məbləğdə pul yerləşdirmişdim. Pullar bankda qaldıqca üstünə depozit gəlirdi".

 

 

 

 

 

Daha sonra Vüqar Səfərli tikintiyə ayrılan pulları nağdlaşdırıb bank hesabına yerləşdirməsindən danışıb. Sabiq fond rəhbəri bildirib ki, bank hesabında olan pullar onun şəxsi vəsaiti olub: "Mən əvvəllər bizneslə məşğul olmuşam. Yazırlar ki, bank hesabımda 5 milyon manat olub. Mən öz hesabıma müəyyən məbləğdə pul yerləşdirmişdim. Həmin pul bankda qaldıqca üstünə depozit gəlirdi".

V. Səfərli ifadəsinin davamında istintaq zamanı heç kimlə üzləşdirilmədiyini deyib. Prokurorun sualını cavablandıran Vüqar Səfərli bildirib ki, aparılan tikintiyə nəzarəti Bünyamin İsmayılov edib, qiymətlərin şişirdilməsi barədə ona məlumat verməyib.

"Hamı deyir Vüqar yedi, dağıtdı. Nə bilərdik Əli Həsənov işdən çıxacaq, bizi də bu cer aqibət gözləyəcək" - sabiq fond rəhbəri əlavə edib.

Proses sentyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub. Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

V.Səfərli  2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

 

virtualaz.org


Oxunma sayı: 3708

Oxşar yazılar