Bakının işğaldan azad edilməsi Ağrıdağa yürüşlə qeyd olunub - FOTO

  • 17:23 - 17 Sentyabr

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü ilə Ağrıdağa yürüşlə qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, yürüş iştirakçıları qarşısında çıxış edən dərnək sədri Ziya Zakir Acar bildirib ki, Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsi günü ilə əlaqədar hər il müxtəlif tədbirlər keçirilir.

Dərnək üzvlərinin ötən il Tekelti dağına, bu il isə Ağrıdağa təşkil etdikləri yürüş Qafqaz İslam Ordusunun döyüşçülərinə sonsuz ehtiramın təcəssümüdür.

Dərnək sədri Qafqaz İslam Ordusunun qəhrəmanlıq ənənələrini davam etdirən şanlı Azərbaycan Ordusunun ötən il 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək əzəli Azərbaycan torpaqlarını azad etdiyini xatırladıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq Zəfərin bütün türk dünyasını qürurlandırdığını deyib.

“Qətiyyətli və əzmkar mövqeyinə görə Prezident İlham Əliyevə, Azərbaycana göstərdiyi tam dəstəyə görə Prezident Rəcəp Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk. Ermənilərin dilindən düşməyən Ağrıdağdan səslənirik: Qarabağ Azərbaycandır!”, - deyə Z.Z.Acar bildirib.

 


Oxunma sayı: 958

Oxşar yazılar