Arvadını qətlə yetirən hakimin oğlu məhkəmədə ifadə verməkdən imtina edib

  • 21:25 - 16 Sentyabr

Bakıda arvadını öldürən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib. İlk olaraq şahid qismində Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Yasin Umudov ifadə verib. Şahid ifadəsində hadisə baş verən gün polis idarəsində olduğunu deyib. Bildirib ki, gecə saatlarında növbəti hissəyə hadisə barədə məlumat verilib: "Məlumat alan kimi zəng gələn nömrəyə geri yığdım. Fəqan Əhmədov özü telefonu götürərək həyat yoldaşını qətlə yetirdiyini dedi. Dərhal hadisə baş verən yerə getdim. Evə yaxınlaşanda Fəqan özü, Sabunçu Rayon Polis İdarəsinin 42 və 43-ci polis bölmələrinin rəisləri orada idi. Sərxoş vəziyyətdə idi. Hadisənin necə baş verdiyini soruşduqda içki üstündə mübahisə etdiklərini və daha sonra zarafatla silahı götürdüyünü bildirdi. Dediyinə görə, silahın qoruyucusunun bağlı olduğunu düşünüb. Meyit divanda oturu halda idi. Otaqda silah və bir patron var idi. Məlum oldu ki, patronun birini də götürüb özünü vurmaq üçün çölə çıxıb və uşaqları gözünün qarşısına gəlib".

 

Təqsirləndirilən şəxsin suallarını cavablandıran şahid hadisə baş verən otaqda mübahisə olduğunu göstərən hər hansı əlamət olmadığını söyləyib.

Daha sonra hakim şahidin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu deyib. Belə ki, şahid ibtidai istintaqa verdiyi ifadədə hadisə yerinə gələndə otaqda iki giliz gördüyünü deyib. Bildirib ki, Fəqan Əhmədov mütəmadi olaraq içki içərək həyat yoldaşı ilə mübahisə etdiyini deyib. Hadisə günü də mübahisə zəminində evin ikinci mərtəbəsinə qalxaraq silahı götürüb aşağı enib. Qorxutmaq üçün silahı tuşlayıb və bu zaman həyat yoldaşını qətlə yetirib.

Daha sonra şahid qismində Sabunçu Rayon Polis İdarəsinin Nardaran qəsəbəsi üzrə sahə rəisi Rüfət İsgəndərov ifadə verib. Şahid hadisə baş verən günü əməliyyat növbəsi rəhbəri olduğunu deyib. Şahid bildirib ki, hadisə baş verən gün Fəqan Əhmədovun evinə birinci o gedib: "Fəqan Əhmədov çox həyəcanlı idi. Hadisə baş verdiyi üçün peşiman olduğunu deyirdi. Silahın içində güllə olduğunu bilmədiyini dedi. Hadisə baş verən ev də çox səliqəli idi".

Daha sonra hakim şahidin ibtidai istintaq zamanı verdiyi ifadəni elan edib: "Hadisə barədə eşidən kimi, Fəqan Əhmədova zəng etdim və hadisənin harada baş verdiyini soruşdum. Təqsirləndirlilən şəxsi əvvəldən tanıyırdım və Sabunçu Rayon Məhkəməsinin hakimi olduğunu bilirdim. Fəqan Əhmədov dedi ki, mütəmadi olaraq içki içdiyi üçün həyat yoldaşı ilə mübahisə edib. Daha sonra ikinci mərtəbədən silahı gətirib Pərvanə Əhmədovanın ürək nahiyəsinə tuşlayıb və onu vurub".

Şahid məhkəməyə istintaq zamanı Fəqan Əhmədovun ikinci mərtəbəyə qalxaraq silah gətirməsi barədə ifadə vermədiyini deyib. Bildirib ki, Fəqan Əhmədov ona Novruz bayramında atəşfəşanlıq üçün atəş açdığını və silahı yerinə qoyduğunu deyib: "Elə bilib ki, silahın içində güllə yoxdur".

Prosesdə daha sonra şahid qismində ifadə vermək üçün təqsirləndirilən şəxsin 14 yaşlı oğlu məhkəmə zalına dəvət olunub.

Şahid qismində gələn təqsirləndirilən şəxsin oğlu qanunvericilyə uyğun olaraq ifadə vermək istəməyib. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini deyib. Hakimlər tərəflərin razılığı ilə şahidin ifadəsinin elan olunmuş hesab edərək məhkəmə istintaqının başa çatdığı elan ediblər.

Proses sentyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Oxunma sayı: 815

Oxşar yazılar