15 sentyabr "Bakı günü" kimi qeyd olunsun! - Nuru Paşanın adına küçə verilməlidir... - TARİXİ SƏBƏBLƏR

  • 15:30 - 16 Sentyabr

Bakının erməni-bolşevik işğalçılarından azad edildiyi gün - 15 sentyabr tarixi Azərbaycanın taleyinin həlledici səhifələrindən biridir. Lakin 15 sentyabr tarixinin bu günə qədər də "Bakı günü" kimi qeyd olunmamasında məntiq tapmaq çətindir və bu, Azərbaycanın ideoloji siyasətinin uzaq perspektivlərini “tormozlayan” amillərdəndir.

Bəlkə də gecikmişik...

Hər il oktyabrın 6-da Gürcüstanda “Tbilisi günü” qeyd edilir. 1979-cu ildən bu yana qeyd olunan bu bayramda əsasən rus qoşunlarının Tbilisidə həyata keçirdiyi qətliamın tarixçəsi və Tbilisinin bu günə qədər keçdiyi tarixi yol barədə məlumatlar verilir.

Hər il 5-6 sentyabrda Moskvada şəhər günü qeyd olunur. Moskvanın tarixi ilə bağlı şəhərin meri çıxış edir və şəhərin tarixi ilə bağlı tədbirlər keçirilir.

Belə nümunələr çoxdur... Və əslində şəhər günlərinin rəsmi bayram kimi qeyd olunmasının arxasında siyasi məqsədlər dayanır, tarixin müqayisəli nümayişi üçün yaradılmış fürsətdir. Bu, vacib amildir.

Neosovet cəhdləri müxtəlif şəkildə təqdim olunur, Azərbaycanın Qarabağdakı zəfərindən sonra erməni-daşnak qrupları aktiv təşkilatlanma prosesinə başlayıb (hətta Xankəndidə ofis açıb), ölkədə “5-ci kolon”un “rəsmi başları” vurulsa da, şəbəkə öz fəaliyyətini davam etdirir, Rusiya və İranın Azərbaycanın xəritələri üzərindən həyata keçridiyi təxribatların sayı artıb və s.

103 bundan öncəki tarix bu gün də təkrar olunundu:

1918-ci ildə öz müstəqilliyini yenicə qazanmış Azərbaycan öz tarixi torpaqlarında suverenliyi bərpa edə bilməmişdi. Ərazi bütövlüyümüz təmin edilməli idi. Ancaq Bakı işağl altında idi. Obyektiv səbəblər ucbatından AXC-nin hərbi qüvvələri formalaşmamışdı. Bunun üçün Osmanlı dövləti Nuru Paşanın komandanlığı altında hərbi qüvvələrini Azərbaycana göndərməklə bütün anti-türk dövlətlərinə məğlubiyyət yaşatdı. Türk qoşunlarının Azərbaycana gəlməsinə etirazlar başladı, notalar işə düşdü. Bakının azad olunması uğrunda gedən döyüşlərdə təkcə Türkiyə hərbi qüvvələri 1130 şəhid verdi. Bakı azad edildi.

Ən əsası, dövlətin paytaxtı Gəncədən Bakıya köçürüldü...

Və... Türkiyə Azərbaycanın ərazi bütövlüyü uğrunda yenidən meydandadır!

Müasir Azərbaycan Respublikası da işğaldan əziyyət çəkirdi, ərazi bütövlüyümüz təmin olunmamışdı. Şəksiz, artıq Azərbaycanın qüdrətli ordusu var. Amma 2020-ci ildə Azərbaycanın torpaqlarını azadetmə hərbi əməliyyatlarına da ən böyük dəstəyi məhz Türkiyə verdi. Baxmayaraq ki, Türkiyəyə qarşı hədsiz təzyiqlər və basqılar oldu. Bu dəfə də ərazi bütövlüyümüz təmin edildi, Qarabağ işğalçılardan təmizləndi.

Amma bu dəfə paytaxtımız harasa köçürülmədi. Azərbaycan xalqının milli istinad nöqtəsinə çevrilən Şuşa azadlıq əldə etdi və “Mədəniyyət paytaxtı” elan olundu.

Təxminən, son 100 ildə ikinci dəfədir ki, Türkiyə Azərbaycan tarixinin iki ən mühüm həlledici səhifəsində öz milli möhrünü vurur. Hər iki səhifənin ana xəttini Azərbaycanın ərazi bütövlüyünün təmin olunması təşkil edir.

“Bakı günü”ün qeyd olunması üçün ziyalılar, tarixçilər, ictimai fəallar və media nümayəndələri təşəbbüskarlıq və təəssübkeşlik nümayiş etdirməlidirlər.

Birincisi, əgər ölkədə sürətlə milliləşmə və tarixdə heç vaxt olmadığı qədər yaxınlaşma prosesi gedirsə, o zaman “Bakı günü”nün rəsmiləşdirilməsi Bakını erməni-bolşeviklərdən azad edən Türkiyəyə qarşı növbəti hörmət və ehtiramın əbədiləşdirilməsinin nümunəsi olacaq.

İkincisi, nəinki paytaxt günü olmalıdır, eləcə də, 28 yaşında türk hərbçilərinə komandanlıq edərək, Bakını işğaldan azad edən Nuru Paşanın adı hərbi təyinatlı müəssisələrin birində əbədiləşdirilməlidir.

Üçüncüsü, Nuru Paşanın adına küçə verilməlidir. Xüsusilə, 1918-ci il mart soyqırmının baş verdiyi küçələrdən birinin adı Nuru Paşanın adı ilə əbədiləşdirilməlidir. Nuru Paşa gəlməsə idi, Bakını daha daha hansı faciələrin gözlədiyi bəlli idi.

“Bakı günü” Rusiya, Ermənistan, İran, eləcə də Avropa dövlətlərinə cddi siyasi mesaj ola bilər. Bununla da, Bakı növbəti “bronjilet” geyinmiş olacaq. Paytaxt günü ilə bağlı Türkiyə amilinin ön xəttə çıxış etməsi digər dövlətlərin nəzərlərini Türkiyənin Azərbaycandakı nüfuzuna fokuslayacaq.

Nəticələri özləri çıxarmalı olacaqlar.

Samir Feyruzov
Avropa.info

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi mövzusunda hazırlanmışdır.


Oxunma sayı: 4588

Oxşar yazılar