Ölümü Şuşanın azad olunduğu günə, dəfni Zəfər gününə düşən ŞƏHİDİMİZİN SON SÖZLƏRİ: “Ölümdən qorxmuram, anam yoxluğuma dözməyəcək…” - FOTO

  • 11:23 - 12 Sentyabr

Qarabağın işğaldan azad olunması üçün başladılan 44 günlük Vətən müharibəsinin daha bir qəhrəmanından söz açağıq. Şəhid Xələfov Nicat İlqar oğlundan. Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Nicat Xələfov 2001-ci ilin avqustun 4-də Siyəzən şəhərində anadan olub. 

Avropa.info xəbər verir ki, Nicat ən kiçik yaşlarından bayraq sevdalısı olub. 

Sabunçu rayonu, Elxan Misirxanov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olub. 

Lakin Nicatın Orduya sevgisi daha güclü idi. O, hərbi xidmətə çağrılanda uşaq kimi sevinib. Nicat əsgər formasını geyinib, Ordu sıralarına yollanadan sevincinin hədd-hüdudu yox idi. 

Əsgəri xidmətini N saylı hərbi hissədən başlayan Nicat xüsusi hərbi hazırlıqdan sonra çavuş rütbəsinə yüksəlir. Nicat hərbi xidməti zamanı nümunəvi davranışı ilə seçilir və 2020-ci ilin avqustun 4-də Müdafiə Nazirliyi tərəfindən qol saatı ilə mükafatlandırılır. 

Nicatın ilk döyüş yolu Tovuz rayonunun Ağdam kəndindən başlayıb. Şəhidimiz “Qrad” komandiri idi. Nicat ən dəqiq və iti atıcılığı ilə seçilirdi. 

2020-ci ilin 20 sentyabrında 44 günlük Vətən müharibəsi başlayarkən Nicatın döyüş yolu Qarabağdan keçir. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilan rayonlarının və Laçın rayonun bir neçə kəndinin erməni işğalından azad edilməsində iştirak edir. 

Nicat Xələfov Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə xüsusi şücaət və qəhrəmanlıqlar göstərib. Bu şücaətlərinə görə fəxri fərmanla təltif olunub. 

Qeyd edək ki, Nicat Şuşada döyüşən yeganə “Qrad” komandiri idi. Şuşanın azad olunması üçün xüsusi hərbi əməliyyat seçildiyi üçün şəhər uğrunda gedən döyüşlərdə az sayda hərbi artileriya texnikası cəlb olunmuşdu. Şuşanın azad olunması üçün başladılan hərbi əməliyyata 3 nəfər könüllü “Qrad” komandiri seçilir. Bu 3 nəfərdən biri də Nicat idi. Hərbi əməliyyat üçün yola çıxdıqdan az sonra hərbi maşınlardan birinin üzərinə ermənilərin atdığı mərmi düşür və maşın partlayır. İkinci “Qrad” maşını Daşaltı kəndi yaxınlığında çətin dağ yolunu keçməyə çalışsa da, aşır. Nicat və əsgər yoldaşları bütün çətin yollardan keçərək, “Qrad” qurğusu olan maşını Şuşa yaxınlığına çatdırırlar. 

Döyüş yoldaşları danışır ki, Nicat düşmənin diqqətini yayındırmaq üçün fərqli hərbi taktika seçir. Düşmən onların tək bir “Qrad” qurğusundan istifadə etdiyini anlamasın deyə, Nicat həm Xankəndi şəhəri yaxınlığında, həm də Şuşa ətrafındakı düşmən mövqelərini atəşə tutur. 

Nicat Şuşanın azad olunduğu gün – 8 noyabrda şəhərin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur.

Nicat şəhid olmamışdan dörd gün əvvəl əsgərlik dostu Məhəmmədə şəhid olacağını hiss etdiyini deyib. Dostu Məhəmməd Nicatla bağlı bu son xatirəsini belə danışır:

“Həmin gecə Nicat yatmadı. Mənə şəhid olacağını hiss etdiyini dedi və şəxsi əşyalarını mənə verib, onları ailəsinə çatdırmağımı xahiş etdi. Nicat mənə çox sevdikləri insanlardan danışdı. Ölümdən qorxmadığını söylədi, dedi ki, bircə ondan qorxuram, anam mənim yoxluğuma dözməycək. Növbəti gün, 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən şiddətli döyüşlərdə Nicat qəhrəmancasına şəhid oldu”. 

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Nicat Xələfovun nəşi Bayraq günündə, noyabrın 9-da doğulduğu Siyəzən şəhərində gətirilir və 10 noyabrda – Zəfər günündə canından çox sevdiyi dogma Vətən torpağına qoşuşur. 

Nicat Xələfov subay idi. Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə şəhidimiz Nicat Xələfov “3-cü dərəcəli Rəşadət ordeni”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəsul Mirhəşimli
Avropa.info

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə mövzusunda hazırlanmışdır.


Oxunma sayı: 2267

Oxşar yazılar