İrandan avtomobillərlə Azərbaycan ərazisinə bizimlə razılaşdırılmadığı halda nə daşınır? - Deputat Elnur Allahverdiyev sual edir

  • 23:59 - 14 Sentyabr

Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüş İrana məxsus yük avtomobillərinin Ermənistandan Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olmalarına dair yeni faktların üzə çıxdığı günlərə təsadüf edir. Göründüyü kimi, bu proses bizim – dövlətin, ictimaiyyətin, KİV-in və sıravi azərbaycanlıların narahatlığına səbəb olmasına baxmayaraq, heç nə baş verməmiş kimi davam edir.

O avtomobillərdə Azərbaycan ərazisinə bizimlə razılaşdırılmamış halda nə aparılır? Bu həm böyük bir sualdır, həm də müəmma. Biz demirik ki, İrandan Ermənistana nə daşınır. Hərçənd Vətən müharibəsinin ilk günlərində dost və qonşu dövlət saydığımız müsəlman İran ərazisindən 30 ildir məscidlərimizdə heyvan saxlayan, müsəlman bacı və qardaşlarımızı qətl edən Ermənistana hərbi texnika və sursatın daşındığına dair videosübutlar var idi. İndi isə İranın yük avtomobilləri Azərbaycan ərazisi olan Laçın vasitəsilə Xankəndiyə nələrisə aparır və bu, yolverilməzdir.

Ötən il sentyabrın 30-da, Vətən müharibəsinin 3-cü günündə videogörüntülər üzə çıxanda Milli Məclisin plenar iclasında məsələ ilə bağlı çıxışım olmuşdu. Çıxışımda belə halların dərin tarixə əsaslanan mehriban qonşuluq və islam həmrəyliyi ruhuna əsaslanan münasibətlərə uyğun gəlmədiyini və zidd olduğunu bildirmişdim. Bu günün özündə də həmin mövqedə qalmaqdayam. Çünki gördüklərimiz və qarşısı alınmayan hallar buna dəlalət edir. Vətən müharibəsi günlərində Milli Məclisin müraciətindən sonra dostluğumuza xələl gətirən həmin hallara son qoyuldu. Ancaq çox təəssüf ki, neqativ hallar müharibə bitəndən bu günədək yenə də davam edir.

Bir neçə gündür Azərbaycan polisi müvəqqəti olaraq Ermənistana məxsus avtomobillərin keçdiyi Gorus-Qafan yolunun bizə məxsus 21 km-lik hissəsində İranın yük avtomobillərinin yoxlanışını həyata keçirir. Azərbaycan Respublikasının ərazisinə daxil olan və başqa dövlətlərə məxsus fiziki və hüquqi şəxslər, habelə onların nəqliyyat vasitələri bunu mütləq halda dövlətimizin razılığı, icazəsi olduğu halda edə bilərlər. Bu baxımdan, həyata keçirilən yoxlama və gömrük prosedurları tam qanunauyğundur. Yeri gəlmişkən, eyni prosedur Laçın dəhlizində də həyata keçirilməlidir və keçiriləcək, bu gün uzaqda deyil.

Cənab səfir görüşdən sonra yazdığı tvitdə qeyd edib ki, “İkitərəfli əlaqələrimizin son inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”. Biz münasibətlərimizin daha da dərinləşməsi və inkişafında maraqlıyıq. Ancaq yuxarıda üzərinə gəldiyim hallar bu inkişaf yolunda böyük bir maneədir. Sözügedən 21 km-lik yol hissəsi Ermənistanla İran arasında mövcud olan iqtisadi münasibətlərin ana xəttidir. Bu, İranın satdığı mallarını Ermənistana daşımaq üçün yeganə yol, Ermənistan üçün isə sözün əsl mənasında bir nəfəslikdir. Ancaq iki dövlət arasındakı iqtisadi münasibətlər adı altında Azərbaycan torpaqlarında kök salmış separatizmlə istənilən təmasın qarşısı tərəfimizdən qəti şəkildə alınmalıdır və alınacaq!

Milli Məclisin deputatı Elnur Allahverdiyev

Avropa.info


Oxunma sayı: 2586

Oxşar yazılar