Elnur Eltürk: Vətənpərvər gənclərin “Vikipediya” platformasında fəallığı bizim üçün prioritet təşkil edir

  • 14:53 - 14 Sentyabr

“Karabakh is Azerbaijan!” Milli Platformasının xaricdə yaşayan bir qrup fəal üzvü “Qorqud” Vikipediya Metodik Klubunun Vikipediya təlimlərində iştirak edir.

Bu barədə Avropa.info-ya “Vikipediya” sahəsində mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. 

O bildirib ki, xaricdə yaşayan və təhsil alan soydaşlarımızın, xüsusilə intellektual, vətənpərvər gənclərin “Vikipediya” platformasında fəallığı bizim üçün prioritet təşkil edir. Onların potensialı və xarici dil bilmək imkanları genişdir. Təlimlərin reallaşması “Vikipediya”da arzuladığımız fəaliyyətə səmərəli təsir göstərər. Bu günlərdə “Qorqud” Vikipediya Metodik Klubunun “Vikipediya” təlimlərində iştirak edən “Karabakh is Azerbaijan!” Milli Platformasının üzvlərinə ümidlərimiz böyükdür. Təlimlərin keçirilməsinin əsas məqsədi “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycana aid məqalələrin yaradılmasını və zənginləşdirilməsini təmin etməkdir.

E.Eltürk qeyd edib ki, keçirilən təlimlər öz müsbət nəticəsini göstərir. Belə ki, bir neçə ay əvvəl təlimlərdə iştirak etmiş Alman-Azərbaycan Vikipediya Klubunun koordinatoru Gülçin Abbaszadənin fəaliyyəti sevindirici və qürurvericidir. Gülçin Abbaszadə alman dil bölməsində Azərbaycanla bağlı məqalələri könüllü sürətdə zənginləşdirir. Həmçinin son bir neçə ayda “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və klubun eksperti Ayxan Zayıdzadə tərəfindən onlayn ensiklopediyanın xarici dil bölmələrində məqalələr peşəkar səviyyədə yaradılır. Xüsusilə, klubun könüllü tərcüməçiləri fəal iştirak edirlər. Məqalələr yüksək səviyyədə tərcümə olunur və klubun könüllüləri tərəfindən yerləşdirilir.

Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.


Oxunma sayı: 1178

Oxşar yazılar