Türklərə Anadolunun qapılarını açan TARİXİ MALAZGİRT ZƏFƏRİNDƏN 950 il ötür - Xəlifə Sultan Alp Arslanı "Müsəlmanların xilaskarı" adlandırırdı

  • 00:29 - 26 Avqust

Bu gün tarixi Malazgirt zəfərinin 950-cü ildönümüdür.

Avropa.info xatırladır ki, Malazgirt savaşı Böyük Səlcuqlu hökmdarı Alparslan ilə Bizans İmperatoru Diogen arasında 26 avqust 1071-ci ilə baş vermiş tarixi döyüşdür. Alp Arslanın zəfəri ilə sona çatan Malazgirt Döyüşü, türklərə Anadolu qapılarını açan və qəti qələbə qazandıran son döyüş olaraq bilinir.

Səlcuqların əsas hədəflərindən biri də Bizans idi. Bu dövrdə Bizansda hərc-mərclik idi. Imperatriçə Eydoksiya ölkəni idarə etməkdə çətinlik çəkirdi. O, türklərin hücumunun qarşısını ala biləcək bir şəxsə ərə gedəcəyini və taxt-tacı ona verəcəyini bildirdi. Bu təklifi qəbul edən sərkərdə Roman Diogen 1068-ci ildə Bizansın imperatoru elan edildi. O, imperiyanın bütün qüvvələrini səfərbərliyə aldı. Oğuz və peçeneqləri də orduya cəlb etdi. Avropa dövlətlərindən kömək istədi. O, çox böyük ordu ilə Ərzurum istiqamətində hücum etdi. Malazgird qalasını ələ keçirdi. Səlcuq qoşununun komandanı əmir Sunduk qəfil hücum edib Bizans qoşununu məğlub etdi, Bizansın zəfər nişanı olan "Böyük qızıl xaçı" hərbi qənimət kimi ələ keçirdi.

Sultan Alp Arslan vaxt qazanmaq məqsədilə sülh bağlamaq üçün Bizansa elçi göndərdi. Diogen sülh təklifini qəbul etmədi. Alp Arslan döyüşə hazırlaşdı. Döyüşdən qabaq o, qoşununa müraciətlə dedi: "Ey əsgərlər! Əgər şəhid olsam, bu bəyaz libas kəfənim olsun!" Malazgird vuruşması 1071-ci il avqustun 26-da başlandı. Bizans qoşununu yerindən tərpətmək mümkün olmadı, səlcuqlar döyüşə-döyüşə və pusqular qoyaraq geri çəkildilər. Bu zaman oğuz və peçeneqlər səlcuqların tərəfinə keçdilər. Səlcuqlar qalib gəldilər və imperator Diogeni əsir aldılar. Lakin sultan Diogeni bağışladı və onunla 50 il müddətinə sülh müqaviləsi bağladı. Müqaviləyə görə, Bizans hər il səlcuqlara vergi verməli, lazım gələndə hərbi yardım göstərməli idi. Şərqi Anadolu Səlcuqlara verildi.

Malazgird döyüşündən sonra erməni və gürcülərə havadarlıq edən Bizansın mövqeyi sarsıldı. Anadolunun — Kiçik Asiyanın fəthindən sonra Bizansın mövqeyi zəiflədi. Bağdad xəlifəsi Malazgirddəki qələbə münasibətilə Alp Arslanı təbrik etdi, onu "Ərəb və Əcəm hökmdarı", "Müsəlmanların xilaskarı" və "İslamın nuru" adlandırdı.

Avropa.info


Oxunma sayı: 24124

Oxşar yazılar