Rəis və müavini Vətən müharibəsi qazisini döyüb? - AÇIQLAMA

  • 21:26 - 04 Avqust

Özünü Vətən müharibəsi qazisi kimi təqdim edən Gəncə şəhər sakini İlkin Həsənpurun Daşkəsən Rayon Polis Şöbəsində döyülməsi və təhqir edilməsi ilə bağlı iddialar səsləndirib.

O bildirib ki, Daşkəsən rayonun Xoşbulaq kəndində kafedə çay içib, yemək yedikdən sonra Gəncəyə gedərkən yolda 3-4 nəfər onu döyüb. Bununla bağlı polisə şikayət etdikdə isə Daşkəsən RPŞ-nin rəisi və müavini onu döyüblər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İlkin Həsənpurun Daşkəsən Rayon Polis Şöbəsində  döyülməsi və təhqir edilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir:

“Məlumat üçün qeyd edim ki, avqustun 2-də İ.Həsənpur Daşkəsən rayonunun Quşçu Körpü qəsəbəsi ərazisində sərxoş halda, dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “Naz-Lifan” markalı avtomobil ilə təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və qəsəbə sakinlərinin haqlı narazılığına səbəb olub.

Qəsəbə sakini İlqar Verdiyev həmin sürücüyə yüksək sürətlə avtomobil idarə etdiyi üçün irad bildirdikdə isə, sonuncu onu nalayiq ifadələr ilə təhqir edərək, dəmir parçası ilə xəsarət yetirib.

Daha sonra məsuliyyətdən yaxa qurtarmaq üçün vətəndaş İ.Həsənpur DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək, özünəməxsus mobil telefon və pulun quldurluq yolu ilə mənimsənilməsi barədə yalan məlumat verib.

Zərərçəkən İ.Verdiyevin müraciəti əsasında Daşkəsən RPŞ-də araşdırılma başlanılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilib. Polis Şöbəsinə dəvət olunan İ.Həsənpur sərxoş halda gələrək orada polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, inzibati binada nalayiq ifadələr işlədib və xuliqanlıq edib”.

O qeyd edib ki, İ.Həsənpur barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir:

“Sonda isə qeyd etmək istəyirəm ki, qərəzli və böhtan xarakterli açıqlamalarla məsuliyyətdən qurtulmaq istəyən İ. Həsənpur heç də iddia etdiyi kimi Vətən müharibəsi qazisi deyil və müharibədən əvvəl xidmət zamanı yıxılaraq xəsarət aldığı üçün ordu sıralarından təxris olunub. Bununla əlaqədar rayonda etiraz aksiyasının keçirilməsi də həqiqəti əks etdirmir”.


Oxunma sayı: 2311

Oxşar yazılar