AXCP-də növbəti istefa dalğası: Partiya sədrinə yaxınlğı ilə seçilənlərdən biri də getdi – FOTO

  • 10:10 - 04 Avqust

Partiyanın ən aktiv fəallarından hesab edilən Fatimə Hüseynova partiyadan istefa verib.

Avropa.info xəbər verir ki, AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən və partiyanın ən aktiv fəallarından hesab edilən Fatimə Hüseynova partiyadan istefa verib. Maraqlıdır ki, AXCP-də bu məlumatın gizli saxlanması və ictimaiyyətə açıqlanmaması qərarlaşdırılsa da, bunu təmin etmək mümkün olmayıb. Qeyd edək ki, son zamanlar AXCP-nin daxilində ciddi narazılıq baş qaldırdığı, adları gizli saxlanılan daha bir neçə nəfərin istefa verdiyi barədə məlumatlar var. Buna səbəb kimi, partiya daxilində mövcud mühitdən narazılığın olması, partiyanın faktiki olaraq cəmiyyət arasında nüfuzdan düşməsi, funksionerlərin və sıravi üzvlərin Əli Kərimlinin bir sıra qərarları ilə razılaşmaması kimi məsələlər göstərilir.

Partiya sədrinə qarşı irəli sürülən ittihamların əsas mahiyyəti ondan ibarətdir ki, Türkiyənin qardaş ölkə olması və Vətən müharibəsində Azərbaycana böyük dəstək verməsi fonunda cəbhəçilərin bu səpkili təbliğatı faktiki olaraq ermənilərin, yunanların, kürd separatçılarının və Türkiyəyə qarşı ardıcıl mübarizə aparan Qərb dairələrinin sevincli iddiaları ilə üst-üstə düşür. Bu isə Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır və partiyanın nüfuzuna böyük zərbə vurur.

Bir neçə gün bundan əvvəl F.Hüseynova anasının xəstəliyi ilə əlaqədar yardım istəməsi barədə sosial şəbəkələrdə məlumat getmişdi. Onun bu məsələ ilə bağlı AXCP sədri Əli Kərimliyə də müraciət etdiyi, lakin heç bir köməklik göstərilmədiyi bildirilir. Hazırda F.Hüseynovanın istefasının bu məsələ ilə əlaqələndirilməsinə cəhdlər olunsa da, məsələ daha qəlizdir və AXCP sədrinin Türkiyənin əleyhinə verdiyi "ustanovka"nın da bunda az rolu olmayıb. Proseslərin gedişi AXCP-də narazılığın daha da artacağını və yeni istefalar olacağını deməyə əsas verir. Bu isə onu göstərir ki, Əli Kərimlinin idarəçiliyi dövründə dəfələrlə parçalanan AXCP növbəti parçalanma dövrünü yaşayır və bundan sonra partiyanın aqibəti kifayət qədər qaranlıq görünür.


Oxunma sayı: 2652

Oxşar yazılar