COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlanıb

  • 19:30 - 27 İyul

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlayıb.

Mərkəzin direktoru Fariz Cəfərov keçirdiyi mətbuat konfransında bu haqda ətraflı məlumat verib.

O bildirilib ki, mobil tətbiqdən qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər. Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun COVID-19 pasportunun olub-olmamasını 1 sentyabrdan etibarən yoxlaya biləcək.

Vətəndaşlar COVİD-19 sertifikatlarını “myGov.az” elektron hökumət portalı və ya mobil tətbiqi, e-TƏBİB mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarı ilə sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, həmçinin Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisə işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Həmçinin, Qərara əsasən 1 sentyabr tarixindən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Bununla yanaşı olaraq, 1 sentyabr tarixindən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq. Qeyd olunan bütün məkanlara vətəndaşlar öz COVİD-19 pasportunun QR kodunu oxutdurmaqla daxil ola biləcəklər.

Müəssisə və qurumlar COVİD-19 pasportlarının yoxlanılması üçün istifadə edəcəkləri mobil tətbiqi icazə.e-gov.az portalından endirə bilərlər.

Vətəndaşlar isə COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarını əldə etmək üçün “myGov” mobil tətbiqini aşağıdakı linklərdən yükləyə bilərlər.


Oxunma sayı: 3015

Oxşar yazılar