Maskalar işə yarayırmı? – Elmi araşdırmalar nə deyir?

  • 11:23 - 26 İyul

Böyük Britaniyanın “Sky News” kanalının internet səhifəsində “Qoruyucu maskalar işə yarayırmı? Elmi araşdırmalar nə deyir?” başıqlı məqalə dərc olunub. Avropa.info novator.az saytı-na istinadən məqələni təqdim edir.

Böyük Britaniyada qapalı məkanlarda və ictimati nəqliyyatda maska taxmağın könüllü olmasına qərar verilib. Hökumət maska ilə bağlı qərarların elmi əsaslandırmalara söykəndiyini bildirsə də, bu məsələdə Britaniya Tibb Assosiasiyası ilə Səhiyyə Nazirliyi arasında fikir ayrılığı mövcuddur.

Bəs elmi araşdırmalarda qoruyucu maskaların təsiri barədə nə deyilir?

COVİD-19 infeksiyasının hava yolu ilə ötürüldüyü artıq elmi cəhətdən sübuta yetirilib.

Virus daşıyıcısı olan insanın bəzən bundan xəbəri olmur və o, infeksiyanı özü də bilmədən başqalarına yoluxdurur.

İnfeksiyaya yoluxan insan asqırıb-öskürəndə, danışanda, mahnı oxuyanda, hətta nəfəs alanda virusu hava-damcı yolu ilə başqalarına ötürə bilər.

Aparılan bəzi laborator testlər və araşdırmalar göstərir ki, qoruyucu maskalar tənəffüs yollarındakı virusların 80 faizinin havaya yayılmasının qarşısını alır.

Həmçinin maska havadakı damcıların 50 faizinin tənəffüs yollarına düşməsinə mane olur.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bu istiqamətdə tədqiqatların bir neçəsinin detallarını açıqlayıb.

Gözəllik salonunda çalışan və koronavirus infeksiyasının simptomlarını daşıyan 2 usta səkkiz gün ərzində 139 müştəri ilə təmasda olub. Bu müddətdə saç ustaları və müştərilərin hamısı maskadan istifadə edib. Müştərilərdən açıqlama verməyə və testdən keçməyə razılaşan 67 nəfərin heç birində COVİD-19 virusu aşkarlanmayıb.

Digər bir tədqiqat Çində 124 mənzildə aparılıb. Həmin mənzillərin hər birində sakinlər arasında koronavirusa yoluxanlar olub. Ancaq maska taxmaq ənənəsi virusun bu mənzillərdə daha çox adama ötürülməsinin qarşısını alıb, özü də 79 faiz!

“Teodor Ruzvelt” təyyarədaşıyan gəmisində işləyənlər sosial məsafəyə çox az diqqət yetirirlər. Bununla belə tədqiqatlar göstərib ki, orada maskadan istifadə edən insanların virusa yoluxması riski 70 faiz azdır.

Tailandda virusun yayılmasında təmasın rolunu dəqiqləşdirmək üçün 1000 nəfər arasında tədqiqat aparılıb. Araşdırma virusa yoluxma riskinin olduğu yerlərdə maska taxanların digərləri ilə müqayisədə virusdan 70 faiz daha yaxşı qorunduğunu göstərib.

“The Lancet” tibb jurnalında dərc edilən beynəlxalq hesabatda vurğulanıb ki, 16 ölkədə aparılan 172 araşdırmanın nəticələri maska taxarkən COVİD-19 infeksiyasına yoluxma ehtimalının cəmi 3 faiz olduğundan xəbər verir.

Araşdırmalar əldə hazırlanan qoruyucu maskaların da koronavirusun yayılmasının qarşısını aldığını təsdiqləyib.

İngiltərənin Edinburq Universitetində 7 növ maska, o cümlədən cərrahi, respirator və əldə hazırlanan maskalar üzərində testlər aparılıb. Nəticələr göstərib ki, istənilən növ qoruyucu maska virusun həm havaya yayılmasına, həm də havadan insana keçməsinə mane olur.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi eksperimentlərə və epidemioloji faktlara söykənərək bəyan edib ki, COVİD-19 infeksiyasının qarşısını almaq üçün maskalardan istifadə vacibdir: “Maskalar virus mənbəyinə nəzarət etməyə və insanları infeksiyadan qorumağa hesablanıb. Virus mənbəyinə nəzarət etməklə insanı infeksiyadan qorumaq isə bir-birinə sıx bağlı məsələlərdir”.

Dünya Səhiyyə Təşkilatı bildirib ki, maskalara virusun yayılmasının qarşısını almaq və insanların həyatını xilas etmək strategiyasının tərkib hissəsi kimi baxmaq lazımdır: “Amma eləcə maskadan istifadə etməklə də koronavirus infeksiyasından qorunmaq mümkün deyil. Əgər COVİD-19 infeksiyası sizin yaşadığınız ərazidə yayılıbsa, onda maska taxmaqla bərabər sosial məsafə saxlamaq, otaqları tez-tez havalandırmaq, izdihamlı yerlərdən uzaq durmaq, əlləri tez-tez yumaq, öskürərkən dirsəyinizdən və ya salfetdən yararlanmaq kimi qaydalara da əməl etməlisiniz. Yaşadığınız və işlədiyiniz yerlərdə bu qaydaların hamısına riayət edin!”


Oxunma sayı: 1211

Oxşar yazılar