Narkotiklə mübarizə: Ölkəyə bir ayda nə qədər heroin gətirilir?

  • 17:36 - 13 İyul

Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, bu istiqamətdə cinayətkar fəaliyyətin zərərsizləşdirilməsi və həmin əməlləri törədən şəxslərin aşkarlanıb cəzalandırılması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən ciddi mübarizə tədbirlərinə başlanılıb. Görünür, narkotik maddələrin dövriyyəsinə qarşı sistemli və effektiv mübarizə aparmaq üçün ortaya siyasi iradə qoyulub. 

Aparılan mübarizə tədbirlərinin miqyasının təhlili göstərir ki, hüquq-mühafizə orqanları narkotik maddələrin Azərbaycana hansı şəkildə gətirilməsi, satışı və alışı ilə bağlı bütün detallı bilgilərə sahibdir. Hüquq-mühafizə orqanları narkodilerlərin və narkokuryerlərin hərəkət marşrutunu, narkotiklərin satış üsullarını, narkotik satanla narkotik alan arasında təmassız “ticarət”in real və virtual tərəflərini tam incəliyinə qədər bilməmiş deyildir.

Diqqət çəkən məqamlardan biri budur ki, artıq hüquq-mühfizə orqanları konsolidə (birləşmə, həmrəy olma, müştərək) olunmuş şəkildə mübarizə tədbirlərinə start veriblər. Bu, narkotiklə mübarizə sahəsində əvvəlki illərdən fərqlənən müsbət tendensiyadır.

Heç kəsə sirr deyil ki, Azərbaycana narkotik əsasən qaçaqmalçılıq yolu ilə cənub qonşumuz İrandan daşınır. Böyük bir narkotik selindən söhbət gedir.

Etibarlılığı şübhə doğurmayan mənbələrdən əldə etdiyim məlumata görə, təkcə bir ay ərzində İrandan Azərbaycana ən aşağı keyfiyyətli 1 ton heroin gətirilir. Dəhşətli rəqəmdir. Azərbaycana təkcə 1 ton heroin gətirilirsə, deməli, onun satışı da bir ay ərzində tam şəkildə həyata keçirilir. Həyəcan təbili çoxdan çalınmalı idi.

Məhvedici təsirə malik olan heroin digər narkotik maddələrdən “klassik” istifadə üsullarına görə də (çəkmə, qoxulama, damara yeritmə) fərqlənir. Heroin insanın bütün genetik kodlarını məhv edir.

Narkotik maddələr - Kakos, “Patı”-Şuşə cəmiyyətdə dərin çat yaradıb, ölkədə fiziki və mənəvi baxımdan aşınmış bir təbəqə formalaşdırıb. Minlərlə insan narkotik vasitələrdən gündəlik yaşam tərzinin ayrılmaz vasitəsi kimi istifadə edir.

Narkotik maddələr əsasən Biləsuvar-Cəlilabad-Yardımlı sərhəd zonaları vasitəsilə İrandan Azərbaycana daşınır və daha sonra regionlara paylanılır.

Müşahidələr göstərir ki, narkotik maddələr əhalinin işsizlikdən əziyyət çəkdiyi regionlarda daha çox yayılıb, narkotik maddələrin dövriyyəsi bu ərazilərdə daha mütəşəkkil şəkildə formalaşıb və təşəkkül tapıb.

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikin daşınması zamanı ilk növbədə Azərbaycanın dövlət sərhədləri pozulur, bunun da ağır fəsadları ilə üz-üzə qalmış oluruq. Bu baxımdan narkotiklərlə mübarizə çərçivəsində müvafiq dövlət qurumlarının qarşısında məsuliyyətli və çətin vəzifələr dayanır:

- Narkotikin daha çox satıldığı rayonlarda işsizliyin səviyyəsi, oradakı sosial durum araşdırılmalı, ölkə rəhbərliyinə dolğun məlumatlar verilməli və təcili şəkildə sosial tədbirlər planının həyata keçirilməsini reallaşdırmaq lazımdır

- İrandan gələn narkotik selinin qarşısı sərhəddə alınmalıdır. Azərbaycanın dövlət sərhədləri möhkəmləndirilməli, bu istiqamətdə əlavə və daha sərt tədbirlər görülməlidir

- Narkotik maddələrin ölkə ərazisində müxtəlif formatlı dövriyyəsinin daha dərin kökləri aşkarlanmalı və cinayətkar şəbəkənin üzvləri, “baron”ları aşkarlanmalıdır

- Məktəblərdə, ali təhsil müəssisələrində maarifləndirmə işləri aparılmalıdır

Gəncləri narkotikə meylli edən səbəblər araşdırılmalı, məsələnin ictimai, psixoloji və sosial tərəfləri araşdırılıb ortaya plan qoyulmalıdır.

Nəticə ilə yox, səbəblə mübarizə aparmasaq, narkotiklə mübarizə  istədiyimiz nəticəni verməyəcək.

Görünür, cəmiyyəti narkotikə sürükləyən səbəblərin araşdırılması üçün hüquq-mühafizə orqanları ilə müştərək işləyən komissiyanın yaradılması da gündəmə gətirilməlidir.

İrandan Azərbaycana tonlarla narkotik daşınmasında məqsəd nədir? Hansı hüquq-mühafizə orqanlarının apardığı narkotiklə mübarizə tədbirlərindən ciddi nəticə hasil edə biləcəyikmi? Mübarizə bizə nə vəd edir?

Bu prosesin qarşısı alına biləcəkmi? Biz hansı addımları atıb cəmiyyəti bu bəladan xilas etməliyik?

Məsələ ilə bağlı Azsiyaset.com-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, narkotikə qarşı daha sərt və cəmiyyət miqyasında mübarizə aparmasaq, bütün bu tədbirlərin də nəticəsi olmayacaq:

“Bu məsələdə cəmiyyətin bütün resursları səfərbər olmalı və narkotiklə mübarizə tədbirlərinə qoşulmalıdır. Əks halda, effekt əldə edə bilməyəcəyik. Narkotikin ölkəmizə daşınması qonşu ölkənin - İranın açıq və rəsmi siyasəti kimi görünməsə də, amma bu istiqamətdə düşünülmüş, məqsədliyönlü şəkildə bir proses aparılır. Narkotik dövriyyəsi ilə bağlı Azərbaycanda ciddi işlək mexanizmləri formalaşdırıblar. Buna qarşı mübarizədə də bir sıra məmurlar öz funksiyalarını layiqincə yerinə yetirmirlər. Burada bir vətənpərvərlik amili öndə olmalıdır. Narkotikin nə qədər böyük bir faciə olduğunu anlamaq lazımdır. Bəzilərinin də qazancı narkotik alverindən çıxdığına görə bu məsələyə girişmirlər”.

F.Mustafa qeyd edib ki, narkotiklə mübarizə aparmaq üçün hazırda hüquq-mühafizə orqanları, müvafiq dövlət qurumları ortaya ciddi mövqe qoyublar:

“Artıq hüquq-mühafizə orqanlarının narkotikə qarşı kompromisli bir mübarizə apardığını görürük. Ona görə də prosesə dəstək vermək lazımdır. Ancaq onlar cəmiyyətlə işləməli və cəmiyyətin bütün resurslarını bu işə cəlb etməlidirlər. Paralel olaraq maarifçilik işləri aparılmalıdır. Açığı, narkotiklə mübarizədə ciddi nəticə əldə edə biləcəyəyimizə ümidlərim azdır. Prosesləri birlikdə idarə etmə məsələləri var. Kənardan hansı nəticəni əldə edəcəyimizi söyləmək mümkün deyil. Çünki görülən tədbirlərlə bağlı geniş informasiyaya malik deyilik. Bilmirik ki, bu proses harda ləngiyir, bu prosesə harda mane olurlar və s. Amma bütövlükdə ümid edirəm ki, nələrisə dəyişmək mümkündür. İrandan Azərbaycana narkotik daşınmasında əsas məqsəd Azərbaycan cəmiyyətini içindən çökdürməkdir”. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığım məlumata görə, 6 ay 11 gün ərzində 2 ton 213 kq narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb. Bunun 1 ton 20 kq heroin, 184 kq metamfetamin, 764 kq marixunana, 144 kq isə tiryəkdir.

Dəyəri isə təxminən 20 milyon manat edir.

Əgər İrandan ölkəmizə təkcə bir ay ərzində 1 ton heroin gətirilirsə, deməli, görüləsi hələ çox iş var. Belə çıxır ki, son 6 ayda ölkəyə təkcə 6 ton heroin İrandan daxil olub. Bunun isə cəmi 1 ton 20 kq aşkarlanıb dövriyyədən çıxarılıb. Hamısı da aşkarlana bilməz, çünki artıq istifadə olunub. 

Samir Feyruzov

Azsiyaset.com


Oxunma sayı: 29602

Oxşar yazılar