Vilayət Eyvazov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisini qəbul edib

  • 14:30 - 19 İyun

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov missiyasının sona çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, nazir BMT-nin bir çox təsisatları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və Protokolların iştirakçısı olaraq, Təşkilatın bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlıq münasibətlərini davam etdirdiyini xatırladıb, qlobal sülh və təhlükəsizliyin qorunması üçün məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın da öz töhfəsini verdiyini vurğulayıb.

  •  

 

Nazir qeyd edib ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə Azərbaycan Respublikasının daxili işlər orqanlarının 200-ə yaxın əməkdaşı fəal iştirak edib.

Bu əlaqələrin genişlənməsinə, eləcə də ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə BMT arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirən general-polkovnik V.Eyvazov Q.İsakzaiyə təşəkkürünü bildirib və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Qulam İsakzai fəaliyyət göstərdiyi müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həyata keçirildiyini, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.


Oxunma sayı: 3334

Oxşar yazılar