"Zəngəzur dəhlizi Türk dünyasını birləşdirəcək" - Deputat

  • 10:20 - 11 May

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizinin açılacağını bir daha bəyan edib. Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə sözügedən dəhlizə inteqrasiya olunacaq infrastruktur işlərinə başlanılıb.

"Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın Zəngəzur dəhlizi vasitəsi ilə birləşməsinə imkan verəcək. Naxçıvan ərazisində də 16 km-ə yaxın dəmiryolu xətti də bərpa ediləcək. Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi nəinki bölgənin, bütövlükdə Türk dünyasının birləşməsinə imkan verəcək. Layihənin iqtisadi üstünlükləri ilə yanaşı strateji əhəmiyyəti də kifayət qədər böyükdür. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Bu, eyni zamanda tarixi bir hadisə olacaq. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması kommunikasiyaların bərpası prosesində geridönməzliyin təmin edilməsi baxımından da vacibdir. Əslində, Zəngəzur dəhlizi Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək təşəbbüsdür.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi 10 noyabr tarixli birgə Bəyanatda təsbit edildiyindən daha qısa zamanda Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın quru nəqliyyat yolu ilə birləşməsinin reallaşa biləcəyi anlamına gəlir. Bu, bölgədə yeni düzənin formalaşdığından xəbər verir".


Oxunma sayı: 2905

Oxşar yazılar