Ermənilərin Azərbaycan sərhədindəki təxribatına SƏRT REAKSİYA – Adekvat cavab veriləcək

  • 18:14 - 22 Aprel

"Ali Baş Komandanımız da dəfələrlə bu mövzuda deyib ki, Ermənistanın hətta hər hansı bir revanşist fikirlər səsləndirməsinə qarşı belə sərt addımlar atılacaq. Qaldı ki, onlar hər hansı bir silahlı təxribat törətsinlər, mütləq şəkildə onlara adekvat cavab veriləcək. Çünki artıq ölkə rəhbərinin də siyasəti və göstərişi bu yöndədir. Ermənistan da bunu bilir".

Avropa.info bildirir ki, bunu milli.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Azərbaycan növbəti dəfə bu cür təxribatların qarşısını artıq Ermənistanın ərazisində alacaq:

"Bu gün Ermənistan törətdiyi təxribata Azərbaycanın sərt addımları ilə üz-üzə qalacağını bildiyi halda belə bunu edirsə, bu olaydan üzü ağı çıxmayacaqlar və onlar ölkə rəhbərliyi səviyyəsində bunun fərqindədirlər. Bu gün bu cür təxribatların olması deyərdim ki, Ermənistanın 44 günlük müharibə ərzində darmadağın edilən ordusundakı özbaşınlaqdan, ölkə rəhbərliyi və ordu arasındakı bağların qopuqluğundan xəbər verir. 

Hər hansı bir insanın qalxıb da içkili vəziyyətdə təxribatlar törətməsi, bu artıq Ermənistanın problemidir. Təbii ki, biz buna bir və ya iki dəfə göz yuma bilərik, amma bu hallar təkrarlanarsa təbii ki, sərt şəkildə cavab veriləcək və hətta deyərdim ki, Ermənistanın ərazi bütövlüyü artıq sual altına düşə bilər. Çünki biz bu gün öz ərazi bütövlüyümüzü təmin etmişik, sərhədlərimizi delimitasiya edirik, amma Ermənistandan bizə bu cür davamlı təxribatlar törədiləcəksə, baxmayaraq ki, o ərazilər bizim ərazilər deyil, başqa bir ölkənin ərazisidir, adekvat cavab veriləcək. Bu o deməkdir ki, bu cür təxribatların qarşısının alınması növbəti dəfə artıq Azərbaycan ərazilərində deyil, Ermənistanın ərazisində baş verəcək".

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur.

Hadisə ilə bağlı, Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş etmişlər.

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir.

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirmişlər.

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir.


Oxunma sayı: 3994

Oxşar yazılar