Qulamhüseyn Əlibəyli: "Rusiya hökumətinə rəsmi xəbərdarlıq edilməlidir"

  • 22:11 - 21 Aprel

"Bir ölkənin silahlı qüvvələrinin rəsmən müvəqqəti yerləşdiyi başqa ölkənin ərazisində hərbi parad keçirmələri yerləşən ölkənin rəsmi razılığı olmadan mümkün deyil. Yalnız digər ölkənin işğal olunmuş ərazilərində hərbi parad keçirmələri üçün belə razılıq tələb olunmur".

Bu fikirləri Avropa.info-ya Rusiya “sülhməramlı” qüvvələrinin mayın 9-da Xankəndi və Xocalıda qələbə paradı keçirmək istəməsini şərh edərkən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Partiya sədri qeyd edib ki, bu gün rus hərbi hissələrinin parad keçirmək istədiyi Xankəndi, Xocalı və digər ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazıləridir və Rusiya hərbi kontingenti orada işğalçı kimi deyil, Azərbaycan dövlətinin razılığı ilə “sülhməramlı” adı altında yerləşib. Lakin həmin hərbi kontingent özünü işğalçı ordu kimi aparır və təəssüf ki, Azərbaycan hakimiyyəti buna həddindən artıq dözümlülük nümayiş etdirir.

Q.Əlibəyli daha sonra bildirib ki, Azərbaycan dövlətinin razılığı olmadan rus ordusunun Xankəndi, Xocalı və digər ərazilərimizdə hərbi parad keçirmək niyyəti “sülhməramlı” hərbi kontingentin mandatından kənara çıxan növbəti özbaşınalığı yox, Rusiya dövlətinin Azərbaycanın süverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlik siyasətinin tərkib hissəsidir və təcavüz aktı kimi qiymətləndirilməlidir.

Partiya sədri hesab edir ki, Azərbaycan hakimiyyəti buna münasibətdə  rəsmən sərt mövqe ortalığa qoymalı, Rusiya hökumətinə rəsmi xəbərdarlıq edilməli, “sülhməramlı” hərbi kontingentin Azərbaycan ərazisindən çıxarılması tələb edilməlidir. Azərbaycan dövlətinin rəsmi mövqeyinin olmaması Rusiyanın işğalçı siyasətinin dəstəklənməsi deməkdir.

Sonda Aydınlar Partiyasının sədri mayın 8-də Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirilməsi barədə millət vəkili Fazil Mustafanın təklifini dəstəklədiyini, belə bir paradın keçirilməsinin bu gün xüsusilə vacib olduğunu vurğulayıb.


Oxunma sayı: 7932

Oxşar yazılar