Azərbaycan qardaş Pakistandan JF-17 "Thunder" qırıcı-bombardmançılar alır - Modernizə edilmiş ən yeni versiyasını (VİDEO, FOTO)

  • 00:41 - 19 Yanvar

Azərbaycan Pakistanla Çinin birgə istehsalı olan JF-17 “Thunder” (Block 3) qırıcı-bombardmançılar alaraq Hərbi Hava Qüvvələrinin sərəncamına verəcək.

Avropa.info xəbər verir ki, bu haqda Pakistan və Rusiya mediası məlumat yayıb. 

Məlumata görə, Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı Mücahid Əhməd Xanın ötən həftə bu haqda Bakıda danışıqlar aparıb.  

Məlumdur ki, Azərbaycan ordusu bütün silah sistemləri üzrə modernləşdirmə tədbirlərini kifayət qədər geniş həcmdə və qısa müddətdə başa çatdırıb. Lakin, silahlanmada istifadə edilən MiQ və “Su” təyyarələri artıq resurslarını başa vurmağa hazırlaşır ki, onların əvəz edilməsi qaçılmazdır.

Bu baxımdan, yeni qırıcıların alınması üçün Pakistanın seçilməsi heç də gözlənilməz deyil. Azərbaycan və Pakistan müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığı uzun müddətdir davam etdirir və ölkələrin nümayəndələri, o cümlədən yüksək rütbəli hərbçiləri arasında imzalanan çoxsaylı müqavilələr də buna sübutdur. Pakistan Azərbaycana hərbi-texniki dəstək də göstərir. Şübhəsiz ki, Azərbaycana bütün sahələrdə, xüsusilə Dağlıq Qarabağ məsələsində ciddi siyasi dəstək nümayiş etdirən Pakistanla aviasiya sahəsində əməkdaşlıq, ölkə əhalisinin bütün təbəqələri tərəfindən müsbət qarşılanar.

Azərbaycanın JF-17“Thunder”   qırıcılarına maraq göstərdiyi, onları almaq üçün danışıqlar apardığı da illər əvvəldən məlum idi. Lakin bəzi məlumatlara görə, həmin təyyarələrin göstəriciləri Azərbaycanı o qədər də qane etmədiyi üçün müəyyən tərəddüdlər olub. Lakin, daha sonra qırıcıların  modernizə edilmiş ən yeni versiyasının (Block 3 variantı) alınması barədə anlaşma əldə edilib.

Azərbaycanın əldə edəcəyi JF-17 “Thunder” qırıcıları yüngül, tək mühərrikli, stels texnologiyalı, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı döyüş təyyarəsidir. Qırıcı ilk növbədə Pakistan Hərbi Hava Qüvvələrinin təlabatını ödəmək üçün “Pakistan Aviasiya Kompleksi” (PAC) və Çin şirkəti olan “Çenqdu Aviasiya Sənaye Korporasiyası” (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanıb.

Təyyarə proqramı ilk dövrlərdə Pakistanda “Super 7” kimi təqdim edilsə də, sonradan JF-17 “Thunder” adı ilə tanınmağa başladı. Təyyarənin adındakı JF abreviaturasının açılışı “Joint-Fighter” (Vahid Qırıcı), “Thunder” isə “İldırım” mənasını verir. 17 rəqəmi isə bənzədiyi F-16-dan daha yüksək göstəricilərə malik olduğunu vurğulamaq məqsədi daşıya bilər.



2016-cı il hesablamalarına görə, Pakistan hər il 25 ədəd JF-17 “Thunder Blok 2” istehsal edir. Hazırda yeni “Blok 3” modelinin istehsalı ilə əlqadar ümumi istehsal həcmi təxminən iki dəfə artıb. Artıq 2017-ci ilin ilk yarısına qədər 50-dən çox JF-17 “Thunder Block 3” variantında döyüş təyyarəsi Pakistan HHQ-yə təhvil verilib. Bundan əlavə Türkiyənin ASELSAN şirkəti Pakistana 25 milyon dollarlıq “Aselpod” nişangah kompleksləri satıb. Bütün bunlar 4+ və 5-ci sinif qırıcılarda istifadə olunacaq avadanlıqlara aiddir.

Hələ 2016-ci ildə Pakistan prezidenti Məmnun Hüseyn Ravalpindidə Pakistanın Ticarət-sənaye palatasının nümayəndə heyəti ilə görüşündə, 2015-ci ilin sonunda Bakıya etdiyi səfərin yekunları ilə bağlı çıxış edərkən Azərbaycanın modernləşdirilən JF-17 qırıcılarına maraq göstərməsinin ilk anonsunu vermişdi: “Azərbaycan və Nigeriya Pakistan hərbi sənayesinin məhsullarına, o cümlədən modernləşdirilən JF-17 qırıcılarını almağa maraq göstərir”.

Məlumatlara görə, Pakistan Azərbaycana yaxın 10 ildə 21 ədəd JF-17 qırıcısı təchiz edəcək. Modernizə ediləndən sonra qırıcıların göstəriciləri tam Azərbaycanı qane edir və onlar digər qırıcı-bombardmançılardan geri qalmır. JF-17 qırıcılarının alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını xeyli genişləndirəcək.

Avropa.info


Oxunma sayı: 31252

Oxşar yazılar