Osmanlı Sultanı 2-ci Abdulhəmidin tarixi projesi, Hicaz Dəmiryolu 112 yaşında - Mədinyə qədər uzanan dəmiryolu haqda bütün FAKTLAR

  • 15:31 - 02 Sentyabr

Osmanlı sultanı ikinci Abdulhəmid dönəmində Şam ilə Mədinə arasında inşa edilən Hicaz dəmir yolu 112 il öncənin bu günü xidmətə açılıb. 

Avropa.info xəbər verir ki, Hicaza dəmir yolu çəkilməsinə dair ilk fikirlər 19-cu əsrin ikinci yarısında ortaya atılıb. 

Lakin bu təkliflər dəmiryolu layihəsinin böyük maliyyə tələb etməsi üzündən həyata keçirilməyib. Hicaz bölgəsinə dəmir yolu inşasına dair ən əhəmiyyətli təklif 1891-ci ildə Əhməd İzzət Əfəndidən gəlib. İzzət Əfəndinin təqdim etdiyi hesabatda Şamdan başlayaraq Mədinəyə qədər uzanacaq dəmir yolunun Hicaza edilə biləcək xarici hücumlar və bölgədə başlana biləcək üsyanlara qarşı önəmli bir müdafiə xətti təşkil edəcəyi, eyni zamanda, həcc ziyarətini böyük miqyasda asanlaşdıracağı bildirilirdi. 

Sultan ikinci Əbdülhəmid təklifi incələyib üzərində işlədikdən sonra, 1900-cü ilin 2 mayında bir sərəncamla inşaat işlərinin başlaması əmrini verdi. 1 sentyabr 1900-cü ildə rəsmi mərasimdən sonra, dəmir yolunun inşaatı başlandı. 

İlkin mərhələdə Şamdan Məkkəyə çəkilməsi planlaşdırılan dəmir yolu xəttinin, daha sonra Akabe və Ciddəyə, hətta Yəmənə qədər uzadılması planlaşdırılırdı. Hicaz dəmir yolunun çəkilməsinin səbəblərinin başında dini, hərbi və siyasi səbəblər vardı. Bu dəmir yolu xətti bölgəyə hərbiçilərin daşınması, üsyanların qarşısının alınması və xaricdən gələ biləcək təhlükələrə qarşı müdafiə rolunu oynayacaqdı. 

Osmanlı dövlətinin hərbi gücünün artması, bölgədə siyasi təsirinin güclənməsinə səbəb olacaqdı. Yalnız savaş zamanı deyil, normal vaxtlarda da Hicaz və Yəmənə hərbi güc, silah daşınmasında əvəzsiz rol oynayacaqdı. Beləcə, Süveyş kanalına olan ehtiyac aradan qalxacaqdı. Bu dəmir yolu böyük çətinliklərlə baş tutan Həcc ziyarətini asanlaşdıracaqdı. Çünki Suriyadan Mədinəyə 40, Məkkəyə 50 gün sürən uzun yolçuluq 4-5 günə enəcəkdi. Üstəlik dəmiryol xətti hacıların gediş-gəliş məsrəflərini də əhəmiyyətli dərəcədə azaldacaqdı. 

Layihə, eyni zamanda, ikinci Əbdülhəmidin İslam aləmindəki etibar və nüfuzunu artıracaq, müsəlmanların ortaq bir əsər və məqsəd ətrafında birləşməsinə səbəb olacaqdı. Bununla yanaşı, dəmiryolunun açılması ilə ticarət fəaliyyətləri yüksələcək, iqtisadi canlanma ilə şəhərləşmə güclənəcəkdi. Hicaz dəmir yolunun təxmini maliyyəti 4 milyon lirə olaraq hesablanmışdı. Bu rəqəm çətin dönəmlər keçirən Osmanlı üçün böyük bir məbləğ idi. Belə bir layihənin həyata keçirilməsi üçün ilkin olaraq dünya müsəlmanlarından ianə istəmək və layihənin başlanğıcı üçün isə "Ziraat Bank"ından kredit alınmasına qərar verildi. 

Ölkə xaricindəki Osmanlı səfirliklərinə gələn çoxlu sayda müsəlman bu layihə üçün ianə verdi. İlk ianə isə 50 min lirə ilə sultan ikinci Əbdülhəmiddən gəldi. Dünyanın dörd yanında yaşayan müsəlmanlar bu layihəyə ianə ödəyərək, dəstəklərini ifadə etdilər. İnşaatın davam etməsi ilə artan xərcləri ödəmək üçün hətta qurbanlıq heyvanlaarın dəriləri satıldı. Hətta bəzi mədənlərin vergisi Hicaz Dəmiryolu Komissiyasına verildi. 

Ağır və uğurlu 1900-1908-ci illər arasında davam edən inşaat nəticəsində Hicaz dəmiryolu tamamlandı. Dəmiryolunun texniki işlərinin idarəsi alman mühəndis Meissnerə verildi. Onunla birlikdə 17-si türk olmaqla 43 mühəndis çalışırdı. İnşaat irəlilədikcə Avropalı mühəndislərin sayı azalarkən, Osmanlı mühəndislərinin sayı artdı və işin sonunda yalnız müsəlman mühəndislər vardı. Dəmiryolu inşaatına Şam-Dera arasından başlandı və 1903-cü ildə Ammana, 1904-cü ildə Maana çatdı. Maandan Akabe Körfəzinə bir yol ayıraraq, Qırmızı dənizə çıxmaq istənildi. Ancaq Osmanlı dövləti ilə Misir arasındakı 1906-cı ildə yaşanan sərhəd anlaşılmazlığı məsələsində bölgədəki gücünün təhlükəyə düşəcəyini görən İngiltərənin Misir leyhinə addımlar atması, Osmanlını bu xəttin inşasından vaz keçirdi. Hayfa dəmiryolu 1905-ci ildə tamamlandı və Dera Hayfaya bağlandı. Beləcə, Hicaz dəmiryolu Aralıq dənizi sərhədlərinə çatdı. Dəmiryolu eyni il Müdevverəyə, bir il sonra Medain-i Salihə çatdı. 1907-ci ildə əl-Ulaya, 1908-ci ildə isə Mədinəyə çatmaqla inşaat tamam oldu. 1464 km olan Hicaz dəmiryolu 1 sentyabr 1908-ci ildə sultan İkinci Əbdulhəmidin iştirak etdiyi törənlə istifadəyə açıldı.

1909-cu ildən Hayfa-Şam arasında hər gün, Şam ilə Mədinə arasında isə həftədə üç gün qarşılıqlı sərnişin və ticari əşyalar daşınır, ehtiyac halında tikinti materialları, hərbi ərzaq və hacıların nəqli üçün əlavə qatar səfərləri təşkil olunurdu. Dəmir yolu marşrutunda irili-xırdalı çoxsaylı stansiyaların olması və hərəkət saatlarında namaz vaxtlarının nəzərə alınması sərnişinlər üçün asanlıq təmin edirdi. 

Dəmir yolunun tikintisində həddən artıq istilik, quraqlıq, su sıxıntısı və çətin ərazi şərtlərinin gətirdiyi çətinliklərlə bərabər bədəvilərin mane olma cəhdlərini də nəzərə alsaq, xətt qısa müddətə tamamlandı. 

Sultan İkinci Əbdülhəmidin 26 Aprel 1909-cı ildə dövlət çevrilişi ilə taxtan endirilməsindən öncə rəsmi sənədlərdə "Həmidiyyə Hicaz Dəmiryolu" adlandırılan bu xətt 1750 km idi.  

Sultan İkinci Əbdülhəmid ayırca Mədinə-Məkkə və Məkkə-Ciddə dəmiryolu xətləri də çəkdirmək istəyirdi. Lakin ingilislərin əlaltısı olan Şərif Hüseyn və onun ətrafında olan bədəvilər bu xətlərin çəkilməsinə imkan vermədilər. 
 

1 avqust 1914-cü ildə Hicaz Dəmiryolu "Müdiriyyət-i Umumiyyəsi Evkaf Nəzarəti"nə bağlandı və dəmiryolu bir vəqf mülkiyyəti elan olundu. Bu dəmir yolu, vəqf müəssisəsi kimi dünyada dövlət tərəfindən tikdirilən yeganə nəqliyyat investisiyası idi. Hicaz Dəmiryolu I Dünya Müharibəsi zamanı Evkaf Nəzarətindən ayrılaraq Hərbi Nəzarətinə bağlandı. 1916-ci ilin iyun ayında Şərif Hüseynin ingilislərlə gizli anlaşaraq, üsyan etməsi Hicaz Dəmiryolunun da sonunu hazırladı. 10 yanvar 1919-cu ildə Hicaz Dəmiryolu üzərindəki Osmanlı hakimiyyəti də başa çatdı. 
 

I Dünya Müharibəsindən sonra dəmiryolu dörd hissəyə ayrıldı. Hayfa-Semah xətti Fələstində, Müdəvvərə-Mədinə xətti Hicaz Haşimi Krallığı və daha sonra Səudiyyə Ərəbistanında, Şam-Dera, Dera-Semah xətti Suriyada, Dera-Müdəvvərə xətti isə İordaniyada qaldı. 

Suriya, İordaniya və Fələstindəki xətlər ingilis və fransız mandatı altındakı hökumətlər tərəfindən idarə edilib. 1948-ci ildə Səudiyyə Ərəbistanı, İordaniya və Suriya dəmir yolunun yenidən tikintisi üçün bir komitə quruldu. Ancaq Ərəb-İsrail münaqişəsi xəttin Dera-Hayfa hissəsinin bağlanmasına səbəb oldu. 
İngilis hökuməti Fələstin məsələsi səbəbindən dolayı küsdürdüyü ərəbləri məmnun etmək üçün əsaslı təmir işlərini üzərinə götürdü, lakin 1967-ci ildə Ərəb-İsrail müharibəsi üzündən bu da baş tutmadı.

Dəmir yolunun Suriya və İordaniyada qalan hissələrdə bir müddət sərnişin və əşya daşıma davam etdi. Səudiyyə Ərəbistanının sərhədləri içində qalan hissədən isə istifadə edilmədi, stansiyalar isə tərk edilmiş bir halda qaldı.

Avropa.info

2020-AGUSTOS_-YAS_

Oxunma sayı: 54418

Oxşar yazılar