"Primakov Azərbaycanın heç bir yerində yad edilə bilməz" – Politoloqdan sərt açıqlama

  • 15:35 - 31 Oktyabr

"Baxmayaraq ki, Rusiyanın siyasi mərkəzləri işğalçı Ermənistanla strateji müttəfiqdir və baxmayaraq ki, həmin mərkəzlər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirmirlər, rəsmi Bakı Moskva ilə strateji tərəfdaşlığın lehinədir". 

Avropa.info xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə münasibətləri normal səviyyədə saxlamaq üçün obyektiv səbəbləri var: "Ancaq bu o demək deyil ki, Rusiyadakı mərkəzlər azərbaycanlıların mənliyi ilə oynaya bilərlər. Rusiyadakı mərkəzlər bir ara Azərbaycanda Kırmda istehsal olunan malların satışına çalışdı, qarşısı alındı, daha sonra Krımı Rusiyanın ərazisi kimi göstərən xəritələr kitab mağazalarında peyda olundu, onlar da yığışdırıldı. Bu azmış kimi Bakıda Rusiya imperiyasının rəmzi olan “Georgiyev lentləri” peyda oldu. Krım və Donbassın ilhaqı zamanı məhz bu lentlərdən istifadə olunmuşdu. Gör nəs isə Rusiyanın strateji müttəfiqi sayılan Belarus prezidenti Aleksandr Luakaşenko belə həmin lentləri ölkəsində qadağan edib.

İndi də növbəti təxribatla üzləşmişik. 20 yanvar qırğınını törədənlərdən biri, “Dağlıq Qarabağ Ermənistana verilsin” deyən Rusiyanın keçmiş xarici işlər naziri Yevgeni Primakovun Bakıda sərgisi açılıb, Universitetlərin birində onun şərəfinə yazı müsabiqəsi keçirilib. Bir neçə ilə əvvəl həyatla vidalaşan Yevgeni Primakovun 90 yaşı tamam olub. Rusiyanın indiki hakimiyyəti Primakovun ad gününü təntənəli şəkildə keçirir, onun xatirəsini anır. Primakov Rusiya üçün böyük şəxs sayıla bilər, ancaq Azərbaycan üçün o millətimizi qana boyamış şəxsdir və buna görə Primakov Azərbaycanın heç bir yerində yad edilə bilməz. Rusiyanın siyasi mərkəzlərində Primakova Azərbaycanda necə münasibət bəslədiyini bilməmiş deyillər. Əgər bilmirlərsə, Rusiyanın Azərbaycandakı səfirliyi Moskvadakı mərkəzləri xəbərdar etməli idi. Ancaq bilərəkdən bizi aşağılamaq üçün Primakovu Bakıda “xatirəsini” yad etməyə qərar veriblər. Onların məqsədi aydındır. Sadəcə, bizdə bu işə qol qoyanları anlamaq çətindir. Vətən, millət anlayışı boş sözlər deyil. Bunu unutmamaları lazımdır".


Oxunma sayı: 6821

Oxşar yazılar