İrandan ölkəmizə 15 kq narkotik keçirmək istədilər: qarşısı alındı – Foto
- 11:00 - 21 Oktyabr
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avropa.info-ya verilən məlumata görə, 18 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.
Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik vasitə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları olması müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.