Milli Məclis təsdiqlədi - Azərbaycanın yeni baş naziri Əli Əsədovdur (Yenilənib)

  • 12:33 - 08 Oktyabr

Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib. 

İclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib. 

Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər. 

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib. 

Daha sonra Əli Əsədov çıxış edərək göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.

***

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Milli Məclisin payız sessiyasının ikinci plenar iclasında əsas məsələ olaraq “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra Milli Məclis Ə.Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verdikdən sonra Prezidentin sərəncamı ilə o, bu vəzifəyə təyin ediləcək.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Ə.Əsədov Prezidentin İqtisadi məsələlər üzrə köməkçisidir.

İclasda bundan başqa, 13 məsələ müzakirə ediləcək.

***

Bu gün Milli Məclisdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsinə baxılacaq. 

Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

APA


Oxunma sayı: 6843

Oxşar yazılar