Bakıda Şirvanşahlar dövrünə aid abidə dağıdıldı - Foto

  • 16:05 - 05 Sentyabr

Bakının Xəzər rayonunda Şirvanşahlar dövrünə aid olduğu ehtimal edilən tarixi abidə dağıdılıb.

Bu barədə sosial şəbəkələrdə fotoşəkillər yayılıb. Zirə qəsəbəsində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan “Qışlaq yaşayış yeri”nin (XVI əsr) avqustun 30-da söküldüyü bildirilir. Məqbərənin daşlarının hara daşındığı məlum deyil.

Abidənin dağıdılması ilə bağlı açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, "Qışlaq yaşayış yeri"nin dağıdılması barədə daxil olmuş məlumata əsasən əraziyə baxış keçirilib: "Baxış zamanı yaşayış yerinin ərazisində yerləşən qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub. Hadisə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilib. Zəruri məlumatlar hazırlanaraq hüquq-mühafizə orqanlarına da təqdim olunacaq".

Qeyd edək ki, Kələzağ qədim yaşayış məntəqəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunun daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Virtualaz.org


Oxunma sayı: 10660

Oxşar yazılar