Goranboyda silahlı insident: polis əməkdaşı və rayon sakini yaralandı - DİN və Baş Prokurorluq birgə bəyanat yaydı (Yenilənib)

  • 09:56 - 13 İyul

Ötən gün Goranboyda baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Avropa.info-ya daxil olan məlumatda qeyd edilir ki, iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.

Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İş üzrə zəruri ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul əməkdaşları Goranboy rayonuna ezam olunublar.

Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Goranboyda baş verən silahlı insident nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. 

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində olub. 

Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu isə xəstəxanada dünyasını dəyişib. 

Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır. 

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.

***

Goranboyda baş verən silahlı insident nəticəsində üç nəfər xəsarət alıb. 

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində olub. 

Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. 

Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır. 

Yaralılar Goranboy rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanılıb.

Artıq silahlı insidentin təfərrüatı məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ötən gün saat 22:30 radələrində Goran qəsəsbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. 

Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan güllə L.Əmrahova dəyərək onu yaralayıb. Bunu görən L.Əmrahovun qardaşı Təbriz Əmrahov polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib. Silahdan atəş açılmadığını görən T.Əmrahov tapançanın qundağı ilə polis əməkdaşının baş nahiyəsinə zərbələr endirib. 

Hadisə yerinə dərhal Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hadisə iştirakçılarının hamısı saxlanılıb. Xəsarət alan polis əməkdaşı V.Kərimov və L.Əmrahov xəstəxanaya yerləşdiriliblər. Hər iki şəxsin xəstəxanada polis nəzarəti altında müalicəsi davam edir. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən faktı təsdiqləyiblər.


Oxunma sayı: 10726

Oxşar yazılar