Bakıda fəhlə "içəridə hansı maddə ilə yatmısan" sualına görə iş yoldaşını bıçaqladı

  • 12:32 - 05 İyul

Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını blçaqlamaqda təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Tural Hüseynov bildirib ki, təqsirləndirilən şəxslər birlikdə Bakıda yerləşən kərpic zavodlarının birində fəhlə işləyir. "Martın 21-də bir neçə nəfər oturub yeyib-içdik. Sonra hamı dağılışdı və otaqda Elşənlə mən qaldım. Elşən yerində uzanmışdı. Bir müddət sonra Altay gəldi və Elşənlə mübahisə etməyə başladılar. Altay Elşənə boşqab ataraq dedi ki, sən türmədə pis maddə ilə yatmısan. Elşən də ona boşqab atdı. Mən Altayı otaqdan çıxarmaq istəsəm də mümkün olmadı. Altay növbəti dəfə "sən hansı maddə ilə yatmısan" deyəndə, Elşən onu bıçaqla vuraraq, "bu maddə ilə yatmışam" dedi. Bundan sonra Elşən çıxıb getdi və biz Altay üçün təcili yardım çağırdıq".

Şahidə davaya səbəb olan "pis maddə"nin nə olduğunu soruşsalar da, o, cavab verməkdən imtina edib: "Deyiləsi deyil, mən cavab verə bilmərəm".

Zərərçəkən Altay Zəki-Zadə deyib ki, o, Elşəndən sadəcə hansı maddə ilə cəza çəkdiyini soruşub. Elşən isə onu bıçaqlayaraq "bu maddə ilə" cavabını verib. O, Elşən Hüseynovadan, şikayətçi olmadığını, onu bağışladığını bildirib.

Qonşu otaqlarda qalan digər fəhlələr də ifadə verərək, hadisəni görməsələr də, səs-küyə gələrək, Altayın bıçaqlandığını, Elşənin isə artıq yoxa çıxdığını görüblər.

Proses iyulun 11-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il martın 21-də baş verib. Elşən Hüseynova Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.


Oxunma sayı: 9538

Oxşar yazılar