"Liverpul" klubu 14 ildən sonra Çempionlar Liqasının qalibi olub

  • 11:20 - 02 İyun

UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

 İngiltərənin "Liverpul" komandası tarixində 6-cı dəfə bu titula sahib olub. Yurgen Kloppun baş məşqçi olduğu kollektiv finalda ölkənin digər təmsilçisi "Tottenhem"i məğlubiyyətə uğradıb - 2:0. Hesabı 2-ci dəqiqədə Məhəmməd Salah açıb. Sloveniyalı referi Damir Skomina matçın əvvəlində topun Mussa Sissokonun əlinə dəyməsi səbəbindən penalti təyin edib. Misirli hücumçu bu imkandan lazımınca yararlanıb. Bu, Çempionlar Liqasının final oyunlarında vurulmuş üçüncü ən sürətli qol olub. Salah 108-ci saniyədə fərqlənibsə, 1959-cu ildə İspaniya "Real Madrid"inin oyunçusu Enrike Mateos Almaniya "Ayntraxt"ını 7:3 hesabı ilə yendikləri görüşün 60-cı, 2005-ci ildə isə İtaliya "Milan"ının müdafiəçisi Paolo Maldini elə "Liverpul"la əsas vaxtı 3:3 hesabı ilə nəticələnən görüşün 51-ci saniyəsində fərqlənib.

Oyunda son nöqtəni isə 87-ci dəqiqədə Divok Origi Joel Matipin ötürməsindən sonra qoyub.

Beləliklə, "Liverpul" 1977, 1978, 1981, 1984 və 2005-ci ildən sonra yenidən Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. "Qırmızılar" 14 avqust 2019-cu ildə Türkiyənin İstanbul şəhərindəki "Wodafone Park"da keçiriləcək UEFA Super Kuboku matçında Bakıda Avropa Liqasının qalibi olmuş İngiltərənin digər təmsilçisi "Çelsi" ilə üz-üzə gələcək.

 

 

report


Oxunma sayı: 13343

Oxşar yazılar