Bakıda qətlə yetirilən avtoritet kimdir? - Açıqlama

  • 12:43 - 10 May

Hər adam özünü avtoritet adlandıran kimi o avtoritet olmur ki! “Samozvaneç” deyirlər onlara.

Bu barədə Axar.az-a kriminal avtoritetlər barədə bir sıra kitabların müəllifi Bəhram Çələbi danışıb. Ötən gecə bıçaqlanaraq qətlə yetirilən Emil Səfərovun “Emil 444” ləqəbli avtoritet olması barədə yayılan məlumata cavabında B.Çələbi Azərbaycanda belə bir avtoritet tanımadığını deyib:

“Kriminal avtoritetlər özlərinə adətən ləqəb kimi hər hansısa söz, xüsusilə fikir ifadə edən sözləri götürürlər. Rəqəmlərdən özünə ləqəb götürən avtoritet ilk dəfədir eşidirəm. Azərbaycanda belə avtoritet tanımıram.

Hər adam özünü avtoritet adlandıran kimi o avtoritet olmur ki! “Samozvaneç” deyirlər onlara. Yəni o şəxs tanınmırsa, elə özü özünü avtoritet hesab edirsə, bu düzgün deyil. Onu oğru aləmi tanımalıdır.

Bu adda avtoritetin olduğunu bilən yoxdursa, ya ola bilər özü özünə ad qoyub, ya da bu adı yeni alıb deyə, tanınmır hələ. Mən kriminal yazaram, ancaq belə bir kriminal avtoritet tanımıram”.

Qeyd edək ki, Bakıda “Emil 444” ləqəbli kriminal avtoritet qətlə yetirilib. Hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi 8 ünvanında baş verib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu aralarında yaranmış mübahisə nəticəsində yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. H.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən Emil Səfərovun kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanındığı bildirilir.

Xatırladaq ki, qətl E.Səfərova məxsus olan BMV X5 markalı, 99 XE 444 dövlət nömrə nişanlı maşında törədilib. E.Səfərovun öz maşınının nömrəsinə uyğun “Emil 444” adlandığı da ehtimallar sırasındadır.


Oxunma sayı: 8866

Oxşar yazılar