Şəmkirdə vəzifəli şəxsin oğlunu güllələyib öldürdülər - Təfərrüat

  • 10:23 - 03 May

Ötən gün Şəmkir rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Bayramlı kəndində yaşadığı evdə güllələnərək öldürülən 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov Ədliyyə Nazirliyinin işçisi olub.

O, Gəncədə yerləşən həbsxanada nəzarətçi vəzifəsində çalışırmış. Hələlik hadisənin kim tərəfindən, hansı səbəbdən və hansı şəraitdə törədilməsi məlum deyil.

İlkin araşdırmalar zamanı məlum olub ki, dəhşətli cinayət vaxtı Kəramət Məmmədov evdə tək olub. Yaxınları onun silahının olmadığını və intihar ehtimalını inkar ediblər.

Hadisədən ilk olaraq Kəramət Məmmədovun kənd məktəbinin direktor müavini işləyən anası xəbər tutub. Dünən işdən evə gələn qadın otağa daxil olarkən qan gölməçəsini görüb. Oğlunun güllələnərək öldürüldüyünü bilən qadın sarsıntı keçirib və yaxınlarına məlumat verib.

Hadisə vaxtı Şəmkirdəki aqroparkın sədr müavini olan Kəramət Məmmədovun atası Şükür Məmmədov da işdə olub. Qətlə yetirilən oğlanın dayısı qızı isə kənd bələdiyyəsinin sədridir.

Hazırda faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Qətlin kim tərəfindən törədilməsinin müəyyənləşdirilməsi, qatilin tututlması istiqamətində iş aparılır.


Oxunma sayı: 10703

Oxşar yazılar