Milli Məclisin deputatı Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib

  • 23:33 - 12 Aprel

Milli Məclisin deputatı Qənirə Paşayeva AŞPA-da sərbəst müzakirələrdə Ermənistanı Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını, AŞPA-nın 1416 saylı qətnaməsini və Sərsəng su anbarı ilə bağlı qətnaməsini yerinə yetirməməkdə və Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib.

Deputat deyib ki, Cənubi Qafqaz bölgəsində baş verən bəzi proseslər, Avropa Məhkəməsinin icra olunmayan qərarları və AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələri hamını narahat etməlidir. Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi. Doğma yurduna qayıda bilməyən qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün Avropa Şurası qurumları da ciddi addımlar atmır və qərarın yerinə yetirilməsi üçün Ermənistanın sabiq rəhbərliyinə heç bir təzyiq göstərmir. Təəssüf olsun ki, Ermənistanın yeni rəhbərliyi də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir.

Qənirə Paşayeva bildirib ki, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçir, onun yerinə yetirilməsi üçün AŞPA, Avropa Şurası təsisatları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Doğma evinə qayıda bilməyən qaçqın və məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırırlar. Bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir, amma Ermənistan hələ də həmin qətnaməni yerinə yetirməkdən imtina edir və evlərindən didərgin düşən azərbaycanlıların doğma yurdlarına qayıtmasına imkan vermir.

Azərbaycanlı deputat parlamentariləri AŞPA-nın Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnaməsindən, həmin qətnamədə Ermənistandan su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoymasının tələb olunmasından söz açıb. Qeyd edib ki, Ermənistan bu qətnamənin həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə rayon bundan ciddi əziyyət çəkir. O, Assambleyanı bu məsələyə də diqqət yetirməyə və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etməyə çağırıb.

“Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi yaz sessiyasi çərçivəsində işğal altında olan Azərbaycan torpaqlarında vəziyyətlə bağlı tədbir keçirib və dəhşətli faktları fotolarla təqdim edib. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların dağıdılmasına AŞPA biganə qalmamalıdır, etiraz səsini ucaltmalı və bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir. Aprelin 2-də Azərbaycanın böyük bölgələrindən biri olan Kəlbəcərin işğalından 26 il keçdi. Mayın 8-i isə qədim Şuşa şəhərinin işğalının 27-ci ili tamam olacaq. 27 ildir evlərinə qayıda bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha fəal mövqe tutmağı, bu istiqamətdə səylərinizi daha da artırmağınızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞPA o insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdır", - deyə Q.Paşayeva bildirib.


Oxunma sayı: 5863

Oxşar yazılar